İdman

gimnastikadan

başlayır

BALTİK LENTLƏ 5-Cİ YER

12 mart 2012

BALTİK LENTLƏ 5-Cİ YER

Azərbaycan gimnastı Lalə Yusifova Riqada keçirilən ənənəvi "Baltik halqası" beynəlxalq turnirində beşinci yeri tutub.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat verir ki, Respublika Kompleks İdman Məktəbinin 16 yaşlı yetirməsi belə nəticəyə finalda lentlə hərəkətlərdə nail olub. O, halqa və topla hərəkətlərdə, həmçinin çoxnövçülükdə səkkizinci yeri tutub.
"Lalənin Riqada göstərdiyi nəticə heç də pis deyil, - milli yığmanın baş məşqçisi Mariana Vasileva hesab edir. - O, çox güclü rəqabətdə lentlə hərəkətlərdə rusiyalı Yevgeniya Kanayeva və Aleksandra Merkulova, habelə belaruslu Melitina Stanyuta və Lyubov Çerkaşinadan sonra beşinci olub. Buna görə də indiki mərhələdə onun çıxışından olduqca razıyam".
Artıq bu həftənin sonunda (16-18 mart) Lalə Yusifova Dünya kubokunda iştirak etmək üçün Kiyevə yollanacaq. Burada 46 ölkənin gimnastının iştirakı gözlənilir. Onunla yanaşı, yeniyetmələr arasında keçirilən paralel yarışda iştirak etmək üçün Ukrayna paytaxtına daha dörd gimnast yollanacaq. Bunlar Mənsurə Bağıyeva və Yekaterina Prokopenko (hər ikisi 1997-ci il təvəllüdlü) və Gülsüm Şəfizadə və Nülufər Niftalıyevadır (hər ikisi 1998-ci il təvəllüdlü).