İdman

gimnastikadan

başlayır

İP VƏ HALQA İLƏ ALTINCIDIR

30 avqust 2010

İP VƏ HALQA İLƏ ALTINCIDIR

İtaliyanın Pesaro şəhərində bədii gimnastika üzrə Dünya kuboku mərhələsi başa çatıb. Yarışlarda iki Azərbaycan gimnastı iştirak edib.

Yarışların sonuncu günü dörd ayrı-ayrı final keçirilib. Aliyə Qarayeva finalların 3-də iştirak edib. Aliyə özünün ən yaxşı nəticələrini ip (27.25 xal) və halqa ilə (27.675) tapşırıqları yerinə yetirərkən göstərib və altıncı yeri tutub. Qarayeva lentlə tapşırığa görə 25.075 xalla qiymətləndirilib və finalçıların səkkizliyini qapayıb.

Aliyə Qarayeva çoxnövçülükdə yeddinci yeri tutub. Digər Azərbaycan gimnastına gəldikdə, təsnifatda Samirə Mustafayevanın yekun mövqeyi 79 iştirakçı arasında 31-ci olub. Proqramın bütün növləri üzrə turnirin qalibi isə rusiyalı Yevgeniya Kanayeva olub.

Pesaroda Anna Qurbanova da çıxış etməli idi. Lakin o, yarışların başlaması ərəfəsində kiçik xəsarət aldığından məşqçilər gimnastı turnirə buraxmağa risk etməyiblər.

Üç həftədən sonra Moskvada start götürəcək dünya çempionatının baş məşqi İsrailin Holon şəhərində keçiriləcək. Sentyabrın 3-5-də orada Qran-pri silsiləsindən növbəti turnir və açıq beynəlxalq çempionat keçiriləcək. Yarışlarda Qarayeva, Qurbanova və Mustafayeva və tərkibinə Ceyla Quliyeva, Ayelita Xələfova, Nigar Əbdüsəlimova, Anastasiya Prasolova, Stefani Trayanova və Yevgeniya Jidkovanın daxil olacaqları qrup komandası iştirak edəcək.