04 mart 2013
Azərbaycanın gənc gimnastı Jalə Piriyeva Qran-prinin birinci mərhələsi çərçivəsində Moskvada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, 13 yaşlı gimnast gənc idmançıların yarışlarında çoxnövçülükdə yerli idmançı və ukraynalı gimnastdan sonra üçüncü yerə (55.383 bal) sahib çıxıb. Üstəlik, Jalə ən gənc idmançılardan biri olub və 1998-99-cu il təvəllüdlü özündən böyük gimnastlarla mübarizə aparıb.
Qran-priyə gəlincə, gimnastımız Marina Durunda seçmə təsnifat vasitəsilə 4 mümkün finaldan 3-nə yüksəlib. O, ən yaxşı nəticəsini lentlə hərəkətlərdə göstərərək dördüncü olub. Finalda halqa ilə hərəkətlərdə 5-ci, gürzlərlə tapşırıqda 8-ci, çoxnövçülükdə isə 7-ci yerə çıxıb.
Milli komandanın baş məşqçisi Mariana Vasilevanın sözlərinə görə, yetirməsi zala toplaşanlarda xüsusi təəssürat yaradıb.
"Lentlə hərəkətlərdə çıxış zamanı naməlum səbəblərdən musiqinin dayandırılması Marinanın əhval-ruhiyyəsinə mənfi təsir göstərməyib və onun əla çıxışına mane olmayıb! Hətta bədii gimnastikanın canlı əfsanəsi Alina Kabayeva Durundanı çox məharətli və perspektivli idmançı adlandırıb", o qeyd edib.