21 sentyabr 2011
Fransanın Monpelye şəhərində keçirilən bədii gimnastika üzrə dünya çempionatının ikinci günü ilk mükafatlar qazanılıb.
Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata əsasən, halqa və topla keçirilən fərdi yarışda qaliblər müəyyən olunub. Azərbaycanlı gimnast Aliyə Qarayeva hər iki finala vəsiqə qazanıb.
Halqa ilə finalda Aliyə 27.625 balla 7-ci yeri tutub. İlk üçlüyə rusiyalı Yevgeniya Kanayeva və Darya Kondakova, eləcə də israilli Neta Rivkin daxil olub.
Qarayeva topla hərəkətlərdə 27.6 balla 6-cı yeri tutub. Burada da ilk iki yerə Kanayeva və Kondakova, bürünc medala isə belarus Lyubov Çerkaşina sahib olub.
Bu gün çempionatda gürz və lentlə təsnifat yarışları başlayır. Azərbaycanlı gimnastlar (Anna Qurbanova, Zeynəb Cavadlı və Aliyə Qarayeva) gürzlə hərəkətlər nümayiş etdirəcəklər.