İdman

gimnastikadan

başlayır

Bakıdakı Dünya Kubokunda Oleqin bir dəst, Marinanın isə bürünc medalı

21 fevral 2016

Bakıdakı Dünya Kubokunda Oleqin bir dəst, Marinanın isə bürünc medalı

Bu gün Bakıda ilk dəfə idman gimnastikası üzrə təşkil olunan FIG Dünya “Challenge” Kuboku, “AGF Trophy” başa çatdı.

Azərbaycan gimnastı Oleq Stepko parallel qollar üzərində finalda tamaşaçıların ondan gözlədiyi nəticəni göstərdi. O, 15.550 xal toplayaraq, qızıl medal qazandı. Fəxri kürsünün 2-ci pilləsinə Türkiyə təmsilçisi Ferhat Arican (15.350), 3-cü pilləsinə isə Yaponiya gimnastı Kaya Kazuma (15.250) yüksəldı.

Dayaqla tullanmada isə Oleqin çıxışı hakimlər tərəfindən 14.650 xalla dəyərləndirilərək, gümüş medala layiq görüldü. Bu alət üzərində hərəkətlərdə yarışların qalibi Yaponiya gimnastı Kenzo Şirai (14.975), bürünc medala isə Türkiyə idmançısı Ahmet Öndər (14.400) sahibləndi.

Oleqin bir dəst medalını tamamlayan alət isə halqalar oldu. Bu alət üzərində o, 14.700 xal toplayaraq bürünc medal qazandı. Halqalar üzərində hərəkətlərdə qalib daha bir Türkiyə təsilçisi İbrahim Çolak (15.450), gümüş medalın sahibi isə Kaya Kazuma (14.800) oldu.

Azərbaycanın qadın idman gimnastikasının nümayəndəsi Marina Nekrasovanın sərbəst hərəkətlərdə uğurlu çıxışı ona yarışların bürünc medalını (13.200) gətirdi.

Mükafatlandrıma mərasiminin sonunda həm kişilər, həm də qadınlar arasında ən çox icra xalı olan gimnastlar – Kenzo Şirai və Oksana Çusovitina (Özbəkistan) təşkilatçılar tərəfindən hazırlnamış AGF Trophy kuboku təltif olundular.

Bakıda ilk dəfə keçirilən idman gimnastikası üzrə Dünya “Challenge” Kuboku həm gimnastların çıxışı, həm də təşkilatçılıq baxımından uğurlu oldu. İştirakçıların yeni yarış mövsümünün ilk beynəxalq turnirində proqramlarının yüksək səviyyədə yaradılmış şəraitdə sınaqdan keçirdikləri üçün məmnun olmaları üzlərindən görünürdü. Arenadakı ab-havadan təəssürat altında olan tamaşaçılar da böyük sevinclə idmançılara dəstək olur, yerinə yetirdikləri hər bir çətin elementləri səmimiyyətlə alqışlayırdılar.

Yarışlar boyunca yalnız tamaşıçıların qatıldığı fləşmoblara, Dünya Kuboku yekunlaşdıqda təşkilat komitəsinin bütün üzvləri qoşuldu.

Azərbaycan Gimnastika Federasiyası qalib və mükafatçıları, bütün gimnastika ictimaiyyətini üç gün davam edən əsl gimnastika bayramı münasibətilə təbrik edir və tamaşaçılara fəal iştiraklarına görə öz minnətdarlığını bildirir.