İdman

gimnastikadan

başlayır

BİR BÜRÜNC ADDIMLIĞINDA

18 aprel 2011

BİR BÜRÜNC ADDIMLIĞINDA

Yunanıstanın Kalamata şəhərində bədii gimnastika üzrə Dünya Kubokunun növbəti mərhələsi başa çatıb. Yarışda Aliyə Qarayeva, Zeynəb Cavadlı və Azərbaycanın qrup komandası iştirak edib.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat verir ki, yığmanın lideri Aliyə Qarayeva yarışın bütün finallarında iştirak edib və ən yaxşı nəticəni halqa ilə hərəkətlərdə göstərərək, 27.6 balla dördüncü yeri tutub. O, bürünc medal qazanan rusiyalı Darya Kondakovadan 0.1 balla geri qalıb.

Aliyə çoxnövçülükdə çıxışın nəticələrinə görə də dördüncü yeri tutaraq, iki Rusiyalı gimnast - Darya Dmitriyeva və Kondakova, eləcə də Belarus idmançısı Lyubov Çarkaşinadan geri qalıb. Digər növlərdə Qarayeva gürzlər və lentlə səkkizinci, topla hərəkətlərdə isə doqquzuncu olub. Qaliblər isə Kondakova (top və lent) və Çarkaşina (halqa), eləcə də Bolqarıstan gimnastı Silviya Miteva (gürzlər) olub.

Digər Azərbaycan gimnastı Zeynəb Cavadlı çoxnövçülükdə 36 iştirakçı arasında 14-cü yeri tutub. Azərbaycanın qrup komandasına gəldikdə, ikinövçülüyün yekunlarına görə Ceyla Quliyeva, Səbinə Abbasova, Anastasiya Prasolova, Ayelita Xələfova, Stefani Trayanova və Yevgeniya Jidkovadan ibarət komanda 5 topla hərəkətlərdə finala çıxıb və dördüncü yeri tutub. Qələbəni İsrail komandası qazanıb, ikinci yerə bolqarıstanlılar, üçüncü yerə fransız idmançılar çıxıblar.

Qarşıda Dünya Kubokunun Nijni Novqorodda keçiriləcək növbəti mərhələsi (21-24 aprel) və bu həftənin sonunda Minskdə təşkil ediləcək yeniyetmələr arasında beynəlxalq turnir var. Yarışda 2 gimnastımız - Gülsüm Şəfizadə (1998-ci il təvəllüdlü) və Ləman Hacızadə (1999) çıxış edəcəklər.