06 iyun 2012
Azərbaycanın gənc gimnastları Qazaxıstanın paytaxtında keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin məlumatına görə, 12 yaşlı Bakı idmançısı Jalə Piriyeva çoxnövçülükdə ikinci nəticə göstərərək gümüş medala sahib çıxıb.
Onun həmyaşıdı Züleyxa İsmayılovanın fəxri kürsüyə yüksəlməsi üçün bir neçə balı çatmayıb və nəticədə o, 4-cü yerdə qərarlaşıb.
Daha bir iştirakçımız Yekaterina Prokopenko (1997-ci il təvəllüdlü) yekun hesabda 7-ci yerlə kifayətlənib.
Bu ilin gimnastika mövsümü faktiki olaraq ekvator xəttini keçib və indi Londonda keçiriləcək 30-cu Olimpiya Oyunlarına az müddət qalıb. Olimpiadaya hazırlıq məqsədilə Avropa çempionatının yeni bürünc mükafatçısı Aliyə Qarayeva Rusiya komandasının gimnastları ilə birlikdə Xorvatiyaya iki həftəlik (8-24 iyun) təlim-məşq toplanışına yollanacaq.
Yayın ilk ayına isə iyunun 27-də Bakıda keçiriləcək bədii gimnastika üzrə 19-cu Azərbaycan çempionatı yekun vuracaq.