İdman

gimnastikadan

başlayır

Akrobatika qrupu: Avropa Oyunlarına hazırlıq

05 yanvar 2015

Akrobatika qrupu: Avropa Oyunlarına hazırlıq

Bir neçə gün öncə bütün dünya yeni ili – 2015-ci ili qarşıladı və bu il idman dünyası üçün Bakıda təşkil olunacaq möhtəşəm və görünməmiş Avropa Oyunlarının ili kimi qeyd edilir.


Olimpiya Oyunlarından fərqli olaraq, bu yarışların formatına akrobatika gimnastikası da daxildir. Yeri gəlmişkən deyək ki, bu idman növündə yaxşı nəticələr əldə edilmişdir. Buna misal olaraq, 2009-cu ildə Avropa Çempionatında Ayla Əhmədova və Dilarə Sultanovadan ibarət qadın cütlüyünün qazandığı gümüş medalı qeyd etmək olar.


Avropa Oyunlarının formatı məlum olduğu zaman, bu oyunlarda qarışıq cütlüklə yanaşı, ölkəmizi 3 cazibədar qızın – Lalə Hüseynova, Nərmin Ramazanova və Aynur Hüseynovadan ibarət qadın qrupunun da təmsil edəcəyi bilindi.


Ənənəyə uyuğun olaraq, federasiyanın mətbuat xidməti idmançılarımız üçün Avropa Oyunlarının nə kəsb etdiyini, bu oyunlara necə hazırlaşdıqlarını və hansı nəticələr gözlədiklərini öyrənmək üçün onlarla həmsöhbət oldu.

 

Gimnastikaya gəlişiniz haqda danışın. Necə oldu ki, məhz bu idman növünü seçdiniz?
Aynur:
 Mənim 6 yaşım olanda anam məni gimnastika məktəbinə apardı və bədii gimnastika məşqlərinə yazdırdı. Bir neçə il bu idman növü ilə məşğul oldum, 12 yaşım olanda isə məni akrobatika üzrə yığma komandanın baş məşqçisi  İradə Qurbanova gördü. Məhz o, mənim fiziki quruluşumun daha çox akrobatikaya uyğun olduğunu bildirdi. O gündən etibarən mən akrobatikayla məşğul oluram və ciddi nəticələr qazandığım üçün çox sevinirəm. 
Lalə: Uşaqlıqda enerjili idim, demək olar ki, çox enerjili idim. Qaçmağı, ağaca dırmaşmağı çox xoşlayırdım. Mənim anam da gəncliyində akrobatika ilə məşğul olub və tez-tez müxtəlif akrobatika, gimnastika, rəqs yarışlarına gedirdik. Və o zaman mənim marağımı və bitməyən enerjimi nəzərə alaraq, anam məni akrobatika məşqlərinə yazdırdı.
Nərmin: Mənim 4 yaşım olarkən, televizorda bədii gimnastların çıxışlarını gördüm və o zaman bu idman növünə böyük marağım yarandı. Valideynlərim bu marağımı görüb məni məşqlərə yazdırdılar. 1 il məşqlərdən sonra mən İradə Qurbanovanın rəhbərliyi altında məşq edən akrobatları gördüm. Akrobatika mənə daha çox maraqlı gəldi və məhz bu idman növüylə məşğul olmağı qərara aldım.


Necə düşünürsünüz, başqa idman sahəsində uğurlu ola bilərdinizmi?
A:
 Düşünmürəm ki, başqa bir idman növüylə məşğul ola bilərdim,  bunu heç təsəvvür edə də bilmirəm.
L: Mən hərtərəfli insanam və müxtəlif idman növləri mənim xoşuma gəlir və düşünürəm ki, məndə alınardı. 
N: Digər idman növünü deyə bilmərəm, amma mənim rəqsə və rəsmə qabiliyyətim var idi. Düşünürəm ki, bu sahələrdə uğur qazana bilərdim.


Yarış günü emosiyalarınızla necə bacarırsınız? Təmkinli olmağınızın sirri nədədir?
A:
 Əvvəllər emosiyalarımı idarə etmək çətin idi, lakin tez-tez yarışlarda iştirak edərək, zamanla özünə arxayınlaşırsan və emosiyaları idarə etmək asanlaşır.
L: Yarışlarda xüsusi həyəcanlanmıram, çünki düşüncələrimi və emosiyalarımı idarə etməyi bacarıram. 
N: Əlbətdə, bütün idmançılar kimi mən də yarışlarda həyəcanlanıram. Biz bir-birimizi toplamağa və sakitləşdirməyə çalışırıq.


Fikrinizcə hər hansı idman növündə vacib olan nədir?
A:
 İlk öncə dayanmadan məşq etmək istəyi və yaxşı nəticələr əldə etmək.
L: Qazanmaq arzusu!
N: Maraq, səbr və dözümlülük. Əgər idmançıda bu 3 keyfiyyət varsa, o uğur qazana bilər.


Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?
A:
 Bu idman növndən asılıdır, əlbətdə əgər professional məşğul olarsansa bir çox idman növləri təhlükəkidir. Əgər hər şeyə ciddi yanaşıb, məşqçiyə qulaq asarsansa, zədəsiz ötüşmək olar. 
L: Düşünürəm ki, hər hansı idman növüylə professional məşğul olmaq zədəli və təhlükəlidir. Misal üçün, akrobatika. Biz üçlü çıxış edirik və hər hansı artıq, səhv hərəkət piramidanın dağılmasına və istənməyən zədələr almağımıza səbəb ola bilər.
N: Mən düşünürəm ki, bütün idman növləri özünə görə təhlükəlidir və çətinlikləri mövcuddur.


İdmanda kumiriniz varmı?
A:
 Deyə bilmərəm ki, kumirim var.
L: Deməzdim ki, kumirim var. Amma mən idmançı kimi Useyn Boltu bəyənirəm.
N: Bəli var. Bu Ayla Əhmədovadır.


Yaxın gələcək üçün idman planlarınızdan danışın bir az.
A:
 Yaxın zamanda bizi İsveçdə keçiriləcək Dünya Kubokunda çıxışlar gözləyir.
L: Həmçinin, yaxın zamanda Bakıda digər ölkələrdən idmançıların qatılacağı birgə yarış təşkil olunacaq.
N: Hazırda, biz Avropa Oyunlarına hazırlaşırıq.


Avropa Oyunları sizin üçün nə kəsb edir və siz ona necə hazırlaşırsınız?
A:
 Avropa Oyunları mənim üçün həyatımın ən vacib hadisəsi, ən vacib yarışıdır. Mən dəfələrlə Dünya və Avropa Çempionatlarına hazırlaşmışam, lakin Avropa Oyunlarına biz hər zamankından daha çox səylə hazırlaşırıq. Nəticə əldə etmək üçün, biz fasiləsiz hazırlaşmağa qərar vermişik.
L: Bu mənim iştirak edəcəyim ən vacib yarış olacaq. Bu yarışa xüsusi səylə hazırlaşıram və çalışıram ki, məşqlərə boş yanaşmayım.
N: Bu çox vacib yarışdır, buna görə də bütün gücümlə hazırlaşıram, qalib gəlməyi və Azərbaycan bayrağını qaldırmağı arzulayıram.


İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyiniz başqa arzularınız, məqsədləriniz varmı? 
A:
 Arzularım, məqsədlərim var – lakin onlar da idmanla bağlıdır.
L: Çətin sualdır. Hazırda  - hər şey idmanla bağlıdır. Gələcəkdə zaman göstərər. 
N: Mən də bütün həyatımı idmanla bağlayıram və Oyunların qalibi adını qazanmağı arzulayıram.


İdmanla gündəlik həyatınızı birləşdirə bilirsinizmi?
A:
 Çətin olur, amma hərdən alınır. 
L: Çox çətin olur, alınsa da yalnız bazar günləri mümkün olur.
N: Bizim bütün həyatımız məşqlərdə keçir.

 

Öz ailəniz haqda danışın bir az.
A:
 Təkcə onu deyə bilərəm ki, həyatımda olan hər şeyə vaildeynlərimin sayəsində nail olmuşam. Bu gün idmançı olmağımda qardaşım da az rol oynamayıb. Əvvəllər anam qardaşımı gətirərdi məşqlərə, evdə tək qalmayım deyə, məni də gimnastika məşqlərinə yazdırdılar.
L: Bizim ailədə 4 nəfər var, həmçinin pişik və popuqay (gülür). Mənim anam akrobatika və yüngül atletika ilə məşğul olub. Atam professional olaraq futbolla məşğul olub və o, “Netfçi”-nin sağ müdafiəçisi olub. Qardaşım da atam kimi futbolla məşğul olub, daha sonra 15 yaşında akrobatikaya gəlib. Demək olar ki, mənim ailəm idmançı ailəsidir.
N: Mənim ailəmdə 6 nəfərdir. Deyə bilmərəm ki, idmançı ailəsiyik, mənim qardaşım basketbolla məşğul olub.


Sevdiyiniz şəxs varmı?
A:
 Bəli, var.
L: Gün ərzində 2 məşqlə şəxsi həyatı birləşdirmək çox çətindir.

 
Adətən azarkeşləriniz tribunlardan sizi necə dəstəkləyirlər? Və siz onlardan nə eşitmək istərdiniz?
A:
 “Ayka irəli!” – deyə, qışqırırlar.
L:  Adətən, onlar mənim adımı səsləndirirlər, ya da var gücləriylə qışqırırlar. Lakin, mən çox vaxt onları eşitmirəm, belə ki, mənim bütün diqqətim çıxışımda olur. Onlardan xüsusi istəyim yoxdur, onların alqışları belə, məni çox sevindirir. 
N: Onlar bizi alqışlarla qarşılayırlar.


Onlara nə demək istərdiniz?
A:
 Dəstəyinizə görə çox sağ olun!
L: Mənə ayırdıqları vaxta və diqqətə görə onlara öz minnətdarlığımı bildirirəm.
N: Onlara təşəkkür edirəm, onların dəstəyi bizi həvəsləndirir.