İdman

gimnastikadan

başlayır

Akrobatların tarixi medalları

28 sentyabr 2015

Akrobatların tarixi medalları

Almaniyanın Riza şəhərində Akrobatika Gimnastikası üzrə Yaş Qrupları arasında Avropa Yarışları yekunlaşıb.

Ölkəmiz bu yarışda 12-18 yaşlı idmançılardan ibarət qrupda yer alan kişi və qarışıq cütlüklərlə təmsil olunub.

Hər iki cütlük bu turnirdə uğurla çıxış edib.

Final mərhələsində qarışıq hərəkətlərə görə, hakimlərdən 27.650 xal alan Seymur Cəfərov və Murad Əkpərovdan ibarət kişi cütlüyümüz gümüş medal qazanıb. Cütlük 1-ci yeri əldə edən Rusiya duetindən cəmi 0.3 xal geridə qalıb. 3-cü yerdə isə Belarus təmsilçiləri qərarlaşıblar.

Qarışıq cütlüyümüz Ağasif Rəhimov və Nurcan Cabbarlı isə bürünc medal sahibi oldu. Bu kateqoriyada 1-ci və 2-ci yerləri müvafiq olaraq Portuqaliya və Rusiya gimnastları tutdular.

Azərbaycan akrobatları tarixdə ilk dəfə olaraq, belə bir yarışda yüksək nəticə göstəriblər.  

Mükafatlandırma mərasimində, Azərbaycan Gimnastika Federasiyasının Baş katibi, Avropa Gimnastika İttifaqının Vitse-prezidenti, həmçinin Avropa Çempionatın Apellyasiya Kollegiyasının Prezidenti Fərid Qayıbov iştirak edib.

Bütün gimnastika ictimaiyyəti üçün böyük əhəmiyyət kəsb edən layiqli mübarizə və qələbəyə görə akrobatları və məşqçiləri təbrik edirik.