02 iyun 2010
Almaniyada akrobatika gimnastikası üzrə beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycandan Eldar Hüseynov - Cəmilə İbrahimli qarışıq cütlüyü istirak edib.
"Neftçi" İdman-Sağlamlıq Mərkəzinin nümayəndələri kifayət qədər uğurla çıxış ediblər və kombinələşmiş hərəkətin yekunları üzrə 3-cü yeri tutublar. Azərbaycan cütlüyü yalnız xalça sahiblərinə və rusiyalı duetə uduzublar.
Bu arada, altı azərbaycanlı akrobat "Dünya səviyyəli gimnast" fəxri adına layiq görülüb. Müvafiq sənədi Beynəlxalq Gimnastika Federasiyasının baş katibi Andre Qaysbuhler imzalayıb.
Öz idman uğurlarına görə Avropa çempionları olan qadın cütlüklər arasında belə yüksək şərəfə Ayla Əhmədova və Dilarə Sultanova, eləcə də əvvəllər kişilərdən ibarət qrupun tərkibində olan Rüstəm Nəcəfquliyev, Elnur Məmmədov, İlham Abbasov və Fərid Məmmədov layiq görülüblər.
Və sonda. Moskva yaxınlığındakı Zveniqorod şəhərində Azərbaycan idmançıların da iştirak etdikləri gənclər arasında bədii gimnastika üzrə beynəlxalq turnir başa çatıb. Ən yüksək nəticəni öz yaş qrupunda 4-cü yeri tutan 11 yaşlı Cənnət Məmmədova göstərib.