27 avqust 2008
Azərbaycan akrobatları Veliki Novqorodda keçirilən “Volkov Kuboku” adlı beynəlxalq turnirdə 1 gümüş və 1 bürünc medal əldə etmişlər.
Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlunata görə, gümüş medala kişi qrupu, bürünc medala isə qadın cütlüyü layiq görülmüşdür.
Qrupun məşqçisi Əvəz Abbasovun sözlərinə görə, balans hərəkətlərindən sonra dördlük yalnız dördüncü yeri tuturdu. Lakin temp hərəkətlərini bütün rəqiblərindən yaxşı icra edərək Rüstəm Nəcəfquliyev, İlham Abbasov, Elnur Mammədov və Fərid Məmmədov ikinci yerə yüksəldilər. Qarışıq hərəkətlərlə final çıxışından sonra onlar həmin yeri qoruyub saxlaya bildilər – 85.436 xal. Bundan başqa, Fərid “Qalibiyyət Əzmi” nominasiyasında turnirin xüsusi mükafatını əldə etmişdir. Birinci yerə isə Rusiya akrobatları layiq görülmüşlər.
Ayla Əhmədova və Dilarə Sultanovadan ibarət qadın cütlüyü həmçinin təsnifat yarışlarında balans və temp hərəkətlərindən sonra dördüncü yerdə qərarlaşmışdı. Lakin qarışıq kombinasiyanı səhvsiz yerinə yetirərək, duetimiz Rusiya və Belarus gimnastlarından geridə qalaraq bürünc medala layiq görülməyə müvəffəq ola bilmişdir – 86.415 xal.
- Bu turnir həmçinin “kiçik dünya çempionatı” hesab olunur. Buraya ən yaxşı akrobatlar toplaşır və öz güclərini sınayırlar, - deyə, məşqçi İradə Qurbanova bildirir. Biz güclü Belçika akrobatlarını geridə qoyduq və dünya çempionu olan Belarus idmançıları ilə sona qədər bərabər səviyyədə mübarizə apardıq.
Daha bir sevindirici faktı qeyd etmək istərdim. Zala girişin qarşısında həmişəki kimi müxtəlif atributlar satılırdı. Onların arasında üzərində Ayla və Dilarənin şəkilləri olan maykalar daha çox alınırdı. Azərbaycan akrobatlarının ölkənin hüdüdlarından kənarda tanınması və sevilməsini gördükdə, mən fəxr hissi keçirtdim.
Yuniorlar arasında keçirilən turnirdə çıxış edən kişi cütlüyü Elçin Məmmədov və Emil Yarəhmədov 9 duet arasında 5-ci yerə layiq görülmüşdür (82.6 xal).
Artıq sentyabr ayının əvvəlində akrobatlarımız Krasnodarda keçiriləcək 3 həftəlik təlim-məşq toplanışlarına yollanacaqlar. Rusiyanın cənubunda həmin ölkənin idmançıları ilə birgə onlar oktyabr ayında Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək Dünya çempionatına hazırlığın sonuncu mərhələsini keçəcəklər.