12 may 2010
Rusiyanın Veliki Novqorod şəhərində akrobatika gimnastikası üzrə "Volkov Kuboku" beynəlxalq turniri başa çatıb.
Turnirdə iştirak etmiş Azərbaycanın qadın cütlükləri Ayla Əhmədova və Dilarə Sultanova, həmçinin Pərizad Quliyeva və Afaq Məhərrəmli iki medal qazanıblar.
Avropa çempionları Əhmədova və Sultanova özlərinin əzəli rəqibləri olan Belçika cütlüyü Tatyana de Vos və Florens Henristdən 0.353 xal geri qalaraq, ikinci yeri tutub. Üçüncü yeri Rusiya idmançıları, dördüncü yeri isə 2008-ci ildə dünya çempionu olmuş Belarus cütlüyü tutub.
Gənc idmançılar Pərizad və Afaqa gəldikdə isə, onlar Rusiya və Belarusdan olan rəqiblərini irəli buraxaraq üçüncü yeri tutublar.
Almaniyada mayın 21-23-də keçiriləcək beynəlxalq turnir akrobatlarımız üçün növbəti yarış olacaq. İyunda iyul ayında Polşada keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə təlim-məşq toplanışları planlaşdırılıb.