İdman

gimnastikadan

başlayır

Aerobika gimnastları artıq Bakıdadır

23 may 2019

Aerobika gimnastları artıq Bakıdadır

Milli Gimnastika Arenası 24 may tarixində ilk dəfə olaraq, aerobika gimnastikası üzrə Avropa Çempionatına  ev sahibliyi edəcək.

Qitənin 22 ölkəsindən ən güclü aerobika ustaları 3 gün ərzində öz güclərini sınayacaqlar.  400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Ölkəmizi isə çempionatda böyüklər arasında Elçin Məmmədov, Mədinə Mustafayeva, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova,  İmran İmranov, Nigar İbrahimbəyli,  Akif Kərimli, gənclərin yarışında isə Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova təmsil edəcəklər.

Artıq bütün komandaların toplaşdığı arenada iki gündür rəsmi məşq toplanışları keçirilir. Sabah start götürücək çempionatda isə ilk olaraq, meydançada gənc gimnastları görəcəyik.  Sonrakı gün isə qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaq. Yarışların son günü isə final mərhələlərində Avropa Çempionlarının adları açıqlanacaq.

Gimnastika yarışlarının daimi tamaşaçılarını isə bu çempionatda da çox maraqlı və qeyri adi bir açılış mərasimi gözləyir. Bu dəfə onlar “Gimnastika Planeti”nə qonaq olaraq, ecazkar şounun bir hissəsinə çevriləcəklər.

Odur ki, bu həftəsonu ailənizlə bərabər istirahətinizi Milli Gimnastika Arenasında keçirtməyə tələsin.