İdman

gimnastikadan

başlayır

Aerobika gimnastları Bakı Olimpiya İdman Kompleksində toplaşdılar

04 iyun 2023

Aerobika gimnastları Bakı Olimpiya İdman Kompleksində toplaşdılar

Bu dəfə ölkənin ən güclü aerobika gimnastları Bakı Olimpiya İdman Kompleksində toplaşdılar. İyunun 2-si və 3-də keçirilən Azərbaycan birinciliyi və Bakı çempionatında “Ocaq Sport” klubu, “Grasiya” İK və Sumqayıt OİK-dən 100-dək gimnast qüvvəsini sınadı.
İdmançılar Azərbaycan birinciliyində balacalar (2015-2016-cı il), uşaqlar (2012-2014-cü il), yeniyetmələr (2009-2011-ci il) və gənclər (2006-2008-ci il il), Bakı çempionatında isə uşaqlar (2012-2014-cü il), yeniyetmələr (2009-2011-ci il), gənclər (2006-2008-ci il il) və böyüklər yaş kateqoriyasında (2005-ci il və daha böyük) mübarizə apardılar.
Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında tamaşaçılara öz maraqlı rəngarəng proqramlarını təqdim etdilər.
Zala toplaşan azarkeşlər gimnastların çıxışlarına böyük maraq və həyəcanla şahidlik etdilər. Kompleksdə yaşanan bu ab-hava idmançıların çıxışına da öz müsbət təsirini göstərdi. Yeni proqramlarını nümayiş etdirən gimnastlar üçün bu yarış həm də qarşıdakı beynəlxalq səviyyəli yarışlara hazırlıq və sınaq mərhələsinin bir hissəsini təşkil edirdi.   
Qeyd edək ki, ölkəmizdə 2013-cü ilin sonlarından inkişaf edən aerobika gimnastikası son illərdə respublikamızda sevilən və populyar idman növlərindən birinə çevrilib.
Xatırladaq ki, 2019-cu ildə Azərbaycan aerobika gimnastikası üzrə Avropa çempionatına, 2021-ci ildə isə dünya çempionatı və dünya yaş qrupları yarışlarıa ev sahibliyi edib.
Təmsilçilərimiz son illərdə bir sıra uğurlu nailiyyətləri ilə yadda qalıblar.
Ötən il ABŞ-ın Birminqem şəhərində keçirilən Ümumdünya Oyunlarında aerodans komandamız bürünc medal qazanıb.