28 noyabr 2023
Noyabrın 24-də Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 3-cü səviyyəyə aid (11-13 yaşlı gimnastlarla çalışan məşqçilər üçün) nəzəri və təcrübi kurslara start verilib. Ümumilikdə 8 məşqçinin (“Ocaq Sport” Klubu və fərdi məşqçi) iştirakı ilə keçirilən kurslarda artistizmin inkişaf etdirilməsi və təkmilləşdirilməsi, xoreoqrafiya, çətinlik elementlərinin metodologiyası və s. üzrə nəzəri və təcrübi məşğələlər keçirilib. Kurslar çərçivəsində Bolqarıstandan olan ekspert, aerobika gimnastikası üzrə məşqçi Siyana Bojilova kurs iştirakçıları üçün ustad dərsləri keçirib. Bolqarıstanlı mütəxəssis ölkəmizdə aerobika gimnastikasının inkişafı ilə bağlı fikirlərini bölüşüb. "Əlbəttə, Azərbaycanda aerobika gimnastikasının inkişafından xəbərim var. Azərbaycan komandası 11-ci Avropa çempionatında aerodans üzrə qızıl medal qazanıb, 16-cı dünya çempionatında isə birinci olub. Bu il Azərbaycan gimnastlarının çıxışlarını izləmişəm. Qarışıq cütlükdə yarışan idmançılar mənim favoritlərimdir. Kurslara gəlincə, burada əsas diqqət gimnastika elementlərinin mürəkkəbliyinə verilir. Həmkarım, aerobika gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariyan Kolevlə sıx təmasdayıq, biz bir-birimizi dəstəkləyirik və kömək edirik. Bu sahədə hər zaman köməklik göstərməyə hazıram”, - deyə Bolqarıstandan olan ekspert qeyd edib.