AGF-yə yeni Baş katib seçildi
09 dekabr 2017
Bu gün, Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin 30-cu iclası baş tutub.
İclasda ilk öncə Bakı Gimnastika Məktəbi və Ocaq Sport Klubunun rəhbərləri həmin qurumların fəaliyyətini əks etdirən təqdimat ediblər. Təqdimat zamanı gimnastika növləri üzrə fəaliyyət göstərən bölmələr haqda məlumat verilərək, son bir il ərzində gimnastikanın inkişafı istiqamətində görülmüş işlər, o cümlədən qarşıya qoyulmuş gələcək planlar müzakirə edilib.
Həmçinin, iclasda gimnastların Lisenziyası üzrə qaydalarına və AGF tərəfindən təltif olunan Xatirə Medalları haqqında Əsasnaməyə təklif edilən dəyişikliklər də təsdiq olunub.
Görüş çərçivəsində federasiyanın Baş katibinin, gimnastika növləri üzrə Kompleksli Elmi Tədqiqat qrupunun rəhbərinin və gimnastika növləri üzrə yığma komandaların Baş məşqçilərinin illik hesabatları da dinlənilib.
Daha sonra Avropa Gimnastika İttifaqına (UEG) prezident seçilmiş F. Qayıbovun AGF və UEG arasında maraqların mümkün toqquşmasını nəzərə alaraq federasiyada tutduğu Baş katib vəzifəsindən azad olunması ilə bağlı İcra Komitəsinə ünvanladığı ərizəsi qəbul edilərək, təsdiq olunub.
Azərbaycan Gimnastika Federasiyasının Baş katibi vəzifəsinə 2007-2009-cu illərdə federasiyanın Baş katibinin köməkçisi, 2009-cu ildən bu günə qədər isə müavini vəzifəsində çalışmış Nurlana Məmmədzadə seçilib.
N. Məmmədzadə 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-2000-ci illərdə Təfəkkür Universitetinin ingilis dili ixtisası üzrə “Filologiya” fakültəsinin bakalavr dərəcəsini, 2001-2003-cü illərdə isə həmin ixtisas üzrə Xəzər Universitetinin magistr dərəcəsini bitirib.