İdman

gimnastikadan

başlayır

AGF 2022-ci ilin ən yaxşı gimnastlarının adlarını açıqlayıb

24 dekabr 2022

AGF 2022-ci ilin ən yaxşı gimnastlarının adlarını açıqlayıb


Azərbaycan Gimnastika Federasiyası 2022-ci ilin yekunlarına əsasən ilin ən yaxşı gimnastlarının adlarını açıqlayıb. Reytinq sıralamasının birinci pilləsində 801 xalla dünya çempionatının bürünc, Avropa çempionatının üçqat bürünc, V  İslam Həmrəyliyi Oyunlarının ikiqat qızıl və gümüş mükafatçısı olan Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız yer alıb. 
İkinci pillədə 772 xalla bədii gimnastika üzrə 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi, V İslam Həmrəyliyi Oyunlarının üçqat qızıl, gümüş və bürünc mükafatçısı, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova qərarlaşıb.  
V İslam Həmrəyliyi Oyunlarının qızıl və bürünc medalçısı, kişi idman gimnastımız İvan Tixonov 435 xalla üçüncü pillədədir. 
V İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı, daha bir kişi idman gimnastımız Nikita Simonov 368 xalla 4-cü yeri tutub. 
İl ərzində bir sıra beynəlxalq turnirlərin mükafatçısı olmuş Səkinə İbrahimbəyli, Fidan Yusifzadə, Leyla Əliyeva, Zəhra Paşazadə, Nigar Xankişiyeva, Nərgiz Ramazanova ibarət bədii gimnastika üzrə qrup komandamızın üzvləri 365 xalla 5-ci pillədə yer alıb. 
Dünya çempionatının gümüş mükafatçıları, akrobatika gimnastikası üzrə qarışıq cütlüyümüz Ağasif Rəhimov və Raziyə Seyidli 297,5 xalla 6-cı olub. 
Dünya çempionatının ikiqat bürünc mükafatçıları, akrobatika gimnastikası üzrə kişi cütlüyümüz Daniel Abbasov və Murad Rəfiyev 287 xalla 7-ci sırada yer alıb.  
V İslam Həmrəyliyi Oyunlarının komanda hesabında qızıl medalçısı, bədii gimnastımız İlona Zeynalova 221 xalla 8-ci pillədə qərarlaşıb. 
Batut gimnastikası üzrə təmsilçimiz, Avropa çempionu və dünya yaş qrupları yarışlarının bürünc mükafatçısı Maqsud Mahsudov 190 xalla 9-cu olub. 
Bu il Avropa çempionatında 4-cü yeri tutmuş və bir sıra mötəbər yarışların iştirakçısı olmuş bədii gimnastımız Arzu Cəlilova reytinq cədvəlində 181 xalla 10-cu pillədə yer alıb.