13 iyun 2019
Azərbaycanda fəaliyyət göstərən bütün gimnastika klubları və bölmələrinin diqqətinə!
Azərbaycan Gimnastika Federasiyası (AGF) çox saylı müraciətləri nəzərə alaraq, bədii gimnastika üzrə növbəti birgə məşqçilik və hakimlik kurslarını elan edir.
AGF-nin təşkilatçılığı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) tərəfindən keçiriləcək kurslar 2019-cu ilin 25-28 iyul tarixlərində baş tutacaqdır.
Kursların keçirilməsində əsas məqsəd ölkə ərazisində fəaliyyət göstərən idman cəmiyyətlərinin gimnastika növləri üzrə bölmələrində məşq prosesinin lazımi qaydada təşkili, milli yarışlar zamanı çıxışların peşəkar hakimlər tərəfindən qiymətləndirilməsi, eləcə də yerli peşəkarların sayının artırılmasından ibarətdir.
Nəzəri və təcrübi hissələrdən ibarət olacaq birgə məşqçilik və hakimlik kurslarının sonunda iştirakçılar həm məşqçilik, həm də hakimlik üzrə imtahan verməlidirlər .
Hazırkı Olimpiya dövründə (2017-2020) ikinci dəfə təşkil edilən bu kursların imtahanlarından uğurla keçmiş iştirakçılara ADBTİA tərəfindən müvafiq sertifikat və AGF tərəfindən “məşqçi vəsiqəsi” və “hakim vəsiqəsi” təqdim ediləcəkdir.
Kurslarda hər bir cəmiyyətdən istənilən sayda məşqçi və hakim iştirak edə bilər.
Xatırladaq ki, əldə edilmiş lisenziya və dərəcələr hazırkı Olimpiya dövründə (31.12.2020-ci ilə qədər) etibarlı olacaqdır. Lisenziyası olmayan şəxslərin məşqçilik fəaliyyəti federasiya tərəfindən tanınmır, həmçinin AGF tərəfindən keçirilən və tanınan milli yarışlar zamanı gimnastları məşq/isinmə zalında və yarış meydançasında məşqçi kimi müşayiət edə bilmirlər. Eləcə də, lisenziyaya malik olmayan hakimlər bu yarışlarda hakim kimi fəaliyyət göstərmək hüququndan məhrum olurlar.
Bununla əlaqədar olaraq, AGF ölkə ərazisindəki idman cəmiyyətlərində bədii gimnastika üzrə bölmələrdə fəaliyyət göstərən məşqçi və hakimləri həmin kurslara dəvət edir.
Kursların proqramı, sifariş forması və ödənişlə bağlı ətraflı məlumatı +99412 493 3011 əlaqə nömrəsi vasitəsilə federasiyadan əldə edə bilərsiniz.
Kursların keçiriləcəyi yer: Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
Kursların keçiriləcəyi tarix: 25-28 iyul 2019-cu il
Sifarişlərin son qəbul tarixi: 10 iyul 2019-cu il