14 aprel 2023
Məlumat verdiyimiz kimi, bu gün Milli Gimnastika Arenası yenidən öz qapılarını bədii gimnastlar üçün açıb. 14 ölkədən 119 gimnastın iştirakı ilə keçirilən “AGF Trophy” beynəlxalq turnirində ölkəmizi ümumilikdə 38 gimnast təmsil edir.
Ölkəmizdə bədii gimnastika üzrə keçirilən ilin ilk beynəlxalq yarışında gənclərlə yanaşı, böyükyaşlı idmançıların da iştirak etməsi yarışa daha da böyük həyəcan qatıb.
Yarışın ilk günündə təsnifat mərhələsi çərçivəsində gənc və böyükyaşlı fərdi gimnastlar halqa və topla çıxışlarını nümayiş etdiriblər.
Qrup hərəkətləri proqramında isə gənclər 5 ip, böyüklər isə 5 halqa ilə hərəkətləri icra ediblər.
Gimnastların hərarətli alqış sədaları altında səhnədə nümayiş etdirdikləri biri-birindən rəngarəng kompozisiyalar böyük maraqla qarşılanıb.
Ölkəmizi gənclər arasında fərdi çoxnövçülük proqramında təmsil edən Nuray Əhmədzadə (27.800 xal) halqa, Şəms Ağahüseynova (28.550 xal) və Sofiya Məmmədova (26.900 xal) isə topla hərəkətlərdə finala vəsiqə əldə edib.
Böyüklər arasında fərdi yarışlarda isə həm halqa, həm də topla hərəkətlərdə təsnifat siyahısına liderlik edən Zöhrə Ağamirova hər iki növdə (halqa- 34.450, top - 33.550) finala vəsiqə əldə edib. Komandamızın digər üzvü Alina Gözəlova top və halqa ilə (halqa- 30.300, top-31.700) hərəkətlərin icrasında finalçılar sırasına düşməyi bacarıb.
Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovanın yer aldığı gənclərdən ibarət qrup komandamızın üzvlərinin 5 iplə proqramı hakimlər tərəfindən 27,750 xalla qiymətləndirilib. Komandamız təsnifat mərhələsini ikinci pillədə başa vurub.
Yarışda həmçinin Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət böyüklərdən ibarət qrup hərəkətləri üzrə komandamızın üzvləri 5 halqa ilə hərəkətlərini nümayiş etdiriblər. İdmançılarımız çıxışları hakimlər tərəfindən 36.200 xalla qiymətləndirilib.
Sabah gimnastlar hər iki yaş qrupunda fərdi proqramda lent və gürzlərlə, qrup hərəkətləri proqramında isə gənclər arasında 5 top, böyüklər arasında isə 3 lent və 2 top üzrə çoxnövçülük yarışlarında çıxışlarını davam etdirəcəklər.
Yarışa aprelin 16-da yekun vurulacaq.