İdman

gimnastikadan

başlayır

Akrobatika gimnastikası üzrə  27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı sona çatdı  

25 fevral 2022

Akrobatika gimnastikası üzrə  27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı sona çatdı  



Milli Gimnastika Arenasında keçirilən Akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatına yekun vuruldu.  
Ölkənin ən güclü akrobatlarının iştirak etdiyi yarışda ümumilikdə 41 idmançı balans, temp və qarışıq hərəkətlər proqramında bacarığını nümayiş etdirdi.
Yarışda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, “Neftçi” İdman Klubu, Sumqayıt Olimpiya İdman Kompleksi və Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təmsil edən gimnastlar qadın cütlükləri  (balacalar - 2007-2016; yeniyetmələr - 2004-2010; böyüklər - 2007-ci il və daha böyük), kişi cütlükləri (yeniyetmələr - 2004-2010; böyüklər - 2007-ci il və daha böyük), qarışıq cütlüklər (yeniyetmələr - 2004-2010; böyüklər - 2007-ci il və daha böyük) və qadın qrupları (balacalar-2007-2016; yeniyetmələr-2004-2010; gənclər-2003-2009) birincilik uğrunda mübarizə apardılar.  
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışlarda idmançılar yeni qaydalara əsasən balans, temp və qarışıq hərəkətlər üzrə proqramlarını nümayiş etdirdilər. 
Qeyd edək ki, yerli çempionat və birinciliyin təşkili həm də ölkəmizdə keçiriləcək qarşıdakı beynəlxalq yarışlara – akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları və dünya çempionatı öncəsi idmançılarımız üçün sınaq xarakteri daşıyırdı. Belə ki, mötəbər yarışlarda Azərbaycanı təmsil edəcək akrobatlarımız milli çempionat və birincilikdə öz yeni proqramlarını yoxlamaq imkanı əldə etdilər.  
Qeyd edək ki, yarışlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirildi.