04 mart 2022
Bakıda keçirilən Akrobatika gimnastikası üzrə 12-ci Dünya yaş qrupları yarışlarının ikinci günü başa çatıb.
Yarışların ikinci günündə 12-18 yaş qrupu üzrə kişi və qadın cütlüklər temp hərəkətləri, qarışıq cütlüklər və qadın qrupları balans hərəkətləri, 13-19 yaş qrupu üzrə kişi cütlüklər balans hərəkətləri, qarışıq cütlüklər temp hərəkətləri, kişi qrupları balans hərəkətləri üzrə proqramlarını nümayiş etdiriblər.
Qarışıq cütlüklərin balans hərəkətləri üzrə proqramında Azərbaycan təmsilçiləri Milana Əliyeva və Nizam Xamidulin təsnifat mərhələsində hakimlərdən 27.100 xal alıblar. Bununla da gimnastlarımız balans və dünən nümayiş etdirdikləri temp hərəkətlərinin (27 xal) cəminə əsasən 54.100 xalla 4-cü pillədə qərarlaşıblar.
Bugünkü yarışlarda həmçinin Azərbaycanın Rəsul Seyidli və Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova və Xanım Məmmədzadədən ibarət qadın cütlüyü temp hərəkətləri, Anahita Başiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu balans hərəkətlərində proqramlarını nümayiş etdiriblər.
Qeyd edək ki, martın 6-dək davam edəcək yarışlarda 24 ölkədən 438 idmançı iştirak edir.
Sabahkı yarışlarda 13-19 yaş kateqoriyasında təmsilçilərimizdən Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu mübarizəyə qoşulacaqlar.
Yarış Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun, tamaşaçı iştirakı olmadan keçirilir.