10 mart 2022
Martın 10-da Bakıda Akrobatika gimnastikası üzrə 28-ci Dünya çempionatına start verilib. Milli Gimnastika Arenasında keçirilən Dünya çempionatının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe iştirak ediblər.
Mərasimdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda idman siyasətinin dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini bildirib. O, ölkəmizdə müxtəlif idman növləri üzrə mötəbər yarışların uğurla təşkil edildiyini, gimnastika növləri üzrə yarışların keçirilməsinin ənənəyə çevrildiyini vurğulayıb.
Azərbaycan Gimnastika Federasiyasının beynəlxalq aləmdə fəal olduğunu xatırladan Fərid Qayıbov gimnastika növlərinin inkişafında görülən işlərə görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
FIG-in prezidenti Morinari Vatanabe akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının Bakıda təşkil olunmasından məmnunluğunu ifadə edib. O, yarışların yüksək səviyyəli təşkilində zəhməti olan hər kəsə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, dünya çempionatına 17 ölkədən 170 gimnast qatılıb. Dörd gün davam edəcək yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edirlər.
Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüklərin mübarizəsində təmsil edirlər. Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə aparırlar.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.