İdman
gimnastikadan
başlayır
13 iyun 2025
13-15 iyun tarixlərində Bakının ənənəvi yarış məkanı Milli Gimnastika Arenası növbəti dəfə beynəlxalq yarışa ev sahibliyi edir. Bu dəfə arenada akrobatika gimnastikası üzrə FIG Dünya kuboku keçirilir. Yarışda Azərbaycanla yanaşı, Almaniya, Hindistan, Qazaxıstan, Çin, Ukrayna və Özbəkistanın ən güclü akrobatları qələbə uğrunda mübarizə aparırlar.
Üç gün davam edəcək yarışda iştirakçılar kişi, qadın və qarışıq cütlüklər, həmçinin kişi və qadın qrupları tərkibində çıxış edərək balans və temp proqramlarında öz bacarıqlarını nümayiş etdirəcəklər.
Yarışın ilk günü artıq geridə qaldı. Bu gün qadın qrupları və qadın cütlükləri balans hərəkətləri, kişi cütlükləri isə temp proqramı üzrə çıxışlarını təqdim etdilər.
Ölkəmizi bu yarışda Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu, Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü, Seymur Cəfərov, Riad Səfərov, Rəsul Seyidli və Abdulla Əl-Məşayxidən ibarət kişi qrupu, Milana Əliyeva və Sabir Ağayevdən ibarət qarışıq cütlük təmsil edir.
Qeyd edək ki, bu gün start götürən yarışlara iyunun 15-də yekun vurulacaq. Yarışın sonunda ən çox icra xalını toplayan gimnastlar ənənəyə uyğun olaraq “AGF Trophy” mükafatına layiq görüləcək.
Bütün iştirakçılara uğurlar arzulayırıq və gimnastikasevərləri bu möhtəşəm idman tədbirinin növbəti günlərində də Milli Gimnastika Arenasına dəvət edirik!