İdman
gimnastikadan
başlayır
26 sentyabr 2026
24–27 sentyabr tarixlərində İtaliyanın Pezaro şəhərində keçirilən akrobatika gimnastikası üzrə Dünya çempionatında Azərbaycan millisi möhtəşəm nəticəyə imza atıb. Milli komandamız yarışı 1 qızıl və 1 bürünc medalla başa vurub.
Çempionatda ölkəmizi təmsil edən qadın qrupu – Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva böyüklər yaş kateqoriyasında balans hərəkətləri proqramında ilk dəfə Dünya çempionu tituluna sahib olub.
Təsnifat mərhələsində 28.330 xal toplayaraq birinci olan gimnastlarımız finala lider kimi yüksəlib. Həlledici mərhələdə də yüksək nəticəni davam etdirən qadın qrupumuz 28.580 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Kişi cütlüyümüz – Murad Rəfiyev və Daniel Abbasov isə balans hərəkətləri proqramında bürünc medal qazanıb. Təsnifat mərhələsini 28.550 xalla üçüncü pillədə başa vuran cütlük finalda nəticəsini daha da yaxşılaşdıraraq 28.950 xal toplayıb və Dünya çempionatının bürünc medalına sahib olub.
Qeyd edək ki, Murad Rəfiyev və Daniel Abbasov 2024-cü ildə Portuqaliyada keçirilən Dünya çempionatında ikiqat Dünya çempionu tituluna yiyələniblər.
Pezaroda əldə olunan nəticə Azərbaycanın akrobatika gimnastikasında ardıcıl uğurlarının daha bir parlaq göstəricisidir. Dünya çempionatında qazanılan medallar ölkəmizdə bu idman növünün sistemli və stabil inkişafının, gimnastlarımızın beynəlxalq arenada artan rəqabət qabiliyyətinin və milli məktəbin gücünün əyani təsdiqidir.