İdman

gimnastikadan

başlayır

Akrobatlarımız Dünya Kuboku seriyasının qalibi oldular!

07 iyun 2024

Akrobatlarımız Dünya Kuboku seriyasının qalibi oldular!

Akrobatika gimnastikası üzrə millimizin üzvləri Dünya Kuboku seriyası üzrə ən yüksək nəticəni əldə edib. Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü Dünya Kuboku seriyasında hər üç əyarlı medalın sahibi olub və Dünya Kuboku seriyasının ümumi nəticəsinə əsasən kuboka layiq görülüblər. Onlar Bolqarıstan, Portuqaliya və Polşada baş tutan Dünya Kuboklarında müvafiq olaraq gümüş, qızıl və bürünc medal qazanıblar. Ağasif Rəhimov və Raziyə Seyidlinin təmsil etdiyi qarışıq cütlük isə ötən il qazandıqları Dünya Kuboku seriyasının qalibi adını bu il də qoruya biliblər. Bolqarıstanın Burqas şəhərindəki çıxışlarına görə 1-ci yerə layiq görülən idmançilarımız Portuqaliyanın Maya şəhərindəki yarışa gümüş medalla yekun vurublar və Jeşuvda bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ilk pilləsinin sahibi olmağı bacarıblar.

Beynəlxalq Gimnastika Federasiyası öz rəsmi saytında yerləşdirdiyi yazıda idmançılarımızın nəticələri barədə belə bildirib: “Akrobatika gimnastikası üzrə Dünya çempionatına üç ay qalmış Azərbaycan idmanın zirvəsindədir və bunun sübutu Dünya Kuboku üzrə reytinq cədvəlidir. İlk dəfədir ki, Azərbaycan iki komandanın yekun nəticələrinə əsasən Dünya Kuboku mövsümünün sonunda turnir cədvəlinə başçılıq edir”.

Qarşıda isə gimnastlarımızı 12-15 sentyabr tarixlərində Portuqaliyanın Gimaraynş şəhərində baş tutacaq Dünya çempionatı gözləyir. Ən güclülərin mübarizəsində akrobatlarımıza bol uğur arzu edirik!