İdman

gimnastikadan

başlayır

Akrobatlarımızın Avropa medallı payız yağışı

03 oktyabr 2021

Akrobatlarımızın Avropa medallı payız yağışı

İki illik fasilədən sonra baş tutmuş akrobatika gimnastikası üzrə Avropa çempionatı da gimnastlarımız üçün uğurlu keçdi. Təmsilçilərimiz bu dəfə də bizi qitə birinciliyindən qazandıqları medallarla sevindirdilər.

29 sentyabr – 3 oktyabr tarixlərində İtaliyanın Pesaro şəhərində baş tutmuş çempionatda ölkəmizi böyüklər arasında qarışıq cütlük tərkibində Ağasif Rəhimov və Raziyə Seyidli, Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü, gənclər yaş qrupunda isə qadın qrupu tərkibində Mənsumə Məmmədzadə, Leyla Bəşirova və Nəzrin Fərmanova təmsil etdilər.

Akrobatlarımız yarışın elə ilk günündən medal qazanmağa başladılar. Qadın qrupumuz temp hərəkətlərinə görə hakimlərdən 27.400 xal alaraq, bürünc medal qazandılar.

Ağasif və Raziyə isə komandamızın hesabına həm “gümüş”, həm də “bürünc” əlavə edərək, medal sevincimizi daha da artırdılar. Gimnastlarımız qarışıq hərəkətlər proqramı üzrə nümayiş etdirdikləri çıxışlarına görə 86.470 xal toplayaraq, fəxri kürsünün ikinci pilləsində qərarlaşdılar. Yarışın son günü isə temp hərəkətlərinə görə bürünc medal qazanaraq, Pesaronun Vitrifriqo Arenasında üç rəngli bayrağımızın üçüncü dəfə ucalmasına nail oldular.

Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyümüz isə ən yaxşı nəticəsini qarışıq hərəkətlər proqramı üzrə göstərərək, 5-ci olublar.

Qazanılmış uğur münasibətilə hər kəsi təbrik edirik!