04 iyul 2021
İsveçrənin Cenevrə şəhərində akrobatların daha bir yarışı baş tutdu. Belə ki, akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının ardınca 2-4 iyul tarixlərində bu növ üzrə dünya çempionatı keçirildi.
Yarışda ölkəmizi Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü təmsil etdi.
Bu çempionat akrobatlarımızın pandemiya dövründə iştirak etdiyi ilk irihəcmli yarışları idi. Ağasif və Raziyə daha əvvəl digər proqramlarda çıxış etmişdilər, amma cütlük olaraq onlar bu ildən yarışlara qatılırlar. Bu çempionatda onlar ən yaxşı nəticələrini temp hərəkətlərində nümayiş etdirərək, 7-ci olublar.
Bundan əlavə qeyd edək, Avropa çempionatının gənclər yaş qrupunda üç qat mükafatçısı olan Murad və Danieldən ibarət kişi cütlüyümüz də bu ildən etibarən böyüklər arasında çıxışlarını nümayiş etdirirlər. Yarışda onlar ən yaxşı nəticələrini qarışıq hərəkətlərdə göstəriblər (9-cu yer).
Yarışda gimnastımız Ağasif maraqlı bir halla qarşılaşıb. Belə ki, dünya çempionatının keçirildiyi zalın tərtibatında akrobatımızın simvolik siluetindən istifadə olunub.