İdman

gimnastikadan

başlayır

Akrobatlarımızın parlaq çıxışları davam edir

20 may 2024

Akrobatlarımızın parlaq çıxışları davam edir

17-19 may tarixlərində Portuqaliyanın Maya şəhərində keçirilmiş akrobatika gimnastikası üzrə Dünya kubokunda gimnastlarımız ölkəmizi təmsil ediblər. Finalda qarışıq hərəkətlər proqramı üzrə çıxış edən idmançılarımız 1 qızıl və 1 gümüş olmaqla, ümumilikdə, 2 medalla yarışa yekun vurublar. Rəfiyev Murad və Abbasov Danieldən ibarət kişi cütlüyü fəxri kürsünün ilk pilləsində qərarlaşıb və ölkəmizin himnini səsləndiriblər. Onların çıxışı hakimlər tərəfindən 28,160 xalla qiymətləndirilib. Rəhimov Ağasif və Seyidli Raziyənin təmsil etdiyi qarışıq cütlük isə Dünya kubokundan gümüş medalla ayrılıb. Finalda nümayiş etdirdikləri performans onlara 29,030 xal qazandırıb. Fəxri kürsüyə yüksələ bilməsələr də, digər gimnastlarımız sıralamanın yuxarı pillələrində yer tutublar. Belə ki, Səfərov Riad, Əl-Məşayxi Abdulla, Cəfərov Seymur və Seyidli Rəsuldan ibarət kişi qrupu topladıqları 24,340 xalla siyahıda 4-cü yerin sahibi olublar. Dünya kubokunda bacarıqlarını nümayiş etdirən təmsilçilərimiz arasında Əliyeva Milana və Ağayev Sabirdən ibarət qarışıq cütlük də yer alıb. Çıxışları 26,900 xalla qiymətləndirilən idmançılarımız sıralamanın 7-ci pilləsində qərarlaşıblar. 
Parlaq çıxışlarına görə gimnastlarımızı təbrik edir və qarşıdan gələn yarışlarda uğurlar arzu edirik.