İdman

gimnastikadan

başlayır

ALİYƏ QARAYEVA - BEŞQAT AZƏRBAYCAN ÇEMPİONUDUR!

27 iyun 2012

ALİYƏ QARAYEVA - BEŞQAT AZƏRBAYCAN ÇEMPİONUDUR!

Aliyə Qarayeva bədii gimnastika üzrə beşqat Azərbaycan çempionu olub! Növbəti ölkə çempionatında milli komandanın lideri proqramın ayrı-ayrı növlərində və çoxnövçülükdə qalib gəlib.

Onun lentlə hərəkətlərdə kiçik səhvi belə, ilk üçlüyü və ümumi mənzərəni dəyişməyib.

Böyüklər arasında keçirilən turnirdə ikinci və üçüncü yeri, müvafiq olaraq, ilk dəfə Lalə Yusifova və Ayşə Mustafayeva tutublar. Onlar bundan əvvəl Avropada gənclər arasında keçirilən yarışlarda artıq mükafat sahibi olmuşdular.

1997-1999-cu il təvəllüdlü gimnastların turnirində bu yaxınlarda Avropa çempionatında gümüş medal qazanan Nülufər Niftalıyeva birinci olub.

Avro-2012-nin ehtiyatda qalan iştirakçısı Mənsurə Bağıyeva gümüş medal qazanıb. Qitə çempionatında bürünc medala sahib çıxan Gülsüm Şəfizadə isə üçüncü yerlə kifayətlənib. Təkcə lentlə hərəkətlərdə qalib gələn idmançı ehtiyatda qalan gimnastdan daha yaxşı təsir bağışlayıb. Məhz bu alətdə o, Avropada medal qazanmışdı.

Turnirin sonunda mükafatçı gimnastların hələ çox gənc olan idmançılarla, həmçinin idman gimnastların akrobatlarla birgə iştirakı ilə rəngarəng və işıq effektləri ilə müşayiət olunan Qala-konsert keçirilib. Turnir 2004-cü il Afina Olimpiya Oyunlarında Azərbaycanın ilk təmsilçisi, Avropa və dünya çempionatlarının dəfələrlə mükafatçısı, böyük idmanı tərk edən Anna Qurbanova ilə rəsmi vidalaşma mərasimi ilə yekunlaşıb. Yarışların hər bir iştirakçısı Annaya gül, AGF-in baş katibi Fərid Qayıbov isə xüsusi kubok hədiyyə edib.

"Böyük idman çox əladır, lakin ondan vaxtında getmək lazımdır və yeni nəslin səni yerindən tərpədəcəyini gözləmək lazım deyil. Olimpiada da daxil olmaqla, iri beynəlxalq yarışlarda mənə iştirak etməyə imkan yaratdıqlarına görə Azərbaycan Gimnastika Federasiya və onun prezidenti Mehriban xanım Əliyeva təşəkkür edirəm. Bu il çıxışımı dayandıracağıma hazır idim. Bakıda Qala-konsertdə mənim sonuncu çıxışım oldu. Çıxışımı məni səmimi sevən, daim inanan və dəstəkləyənlərə hədiyyə etdim. Mənim üçün həmişə ən yaddaqalan yarış 2009-cu ildə Bakıda keçirilən Avropa çempionatı olacaq. Çempionatda ilk dəfə komanda yarışlarında deyil, topla fərdi yarışlarda mükafatçı oldum. Həmin bürünc medal mənim üçün çox dəyərlidir. Yaxın planlarıma gəlincə, məşqçi olmaq və hakimliyə başlamaq istərdim", - Qurbanova deyib.

Hələ də çıxış edən gimnastlara gəlincə, 8 idmançıya idman ustası şəhadətnaməsi təqdim edilib. Bu ada Jalə Qaratova, Mədinə Həsənova, Lalə Yusifova, Lalə Məhərrəmova, Ayşə Mustafayeva, Aynur Cabbarlı, Kamilə Məmmədova və Mənsurə Mehdiyeva layiq görülüblər.

Yarışın yekununda beşqat ölkə çempionu olan Aliyə Qarayeva bildirib: "Növbəti dəfə Azərbaycan çempionu olduğuma görə çox şadam. Çempionatın təşkil edilmə səviyyəsi, AGF-in keçirdiyi bütün yarışlarda olduğu kimi, yüksək səviyyədə idi. Qarşıda məni London Olimpiya Oyunları gözləyir. Orada mənim əsas rəqiblərim, rusiyalı idmançılardan başqa, Belarus, Bolqarıstan və Ukrayna gimnastları olacaq. Bilirəm ki, bütün Azərbaycan mənə azarkeşlik edəcək və ümid edirəm ki, layiqincə çıxış edəcəyəm".

Budəfəki turnirin hakimləri arasında beş əcnəbi hakim də olub. Bakıya Latviya, Serbiya, Sloveniya, Meksika və CAR-dan mütəxəssislər gəliblər. Serbiya təmsilçisi Draqana Terziç çempionat və Azərbaycan gimnastlarının çıxışı ilə bağlı təəssüratlarını bölüşüb və Aliyə Qarayevaya Olimpiadada uğurlar arzulayıb.

"Azərbaycan səfərimi səbirsizliklə gözləyirdim, - Terziç deyib. - Müxtəlif yaş qrupundakı gimnastlarınızın nə qədər güclü olduğunu bilirəm. Gənc idmançılarınız çox perspektivlidir və çox şey vəd edirlər. Bunu Nijni Novqoroddakı Avropa çempionatı, budəfəki Azərbaycan çempionatı təsdiq etdi. AGF isə dünyada qabaqcıl federasiyalardan biridir. Millinizin lideri heç şübhəsiz ki, Aliyə Qarayevadır. Mən ona qarşıdakı Olimpiadada əla çıxış arzu edirəm. Fikrimcə, o, Olimpiya medallarına əsas namizədlərdən biridir".