22 avqust 2011
Azərbaycan gimnastı Aliyə Qarayeva Çinin Şenjen şəhərində keçirilən Ümumdünya Universiadasında gümüş medal qazanıb! Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat verir ki, milli komandanın lideri gürzlərlə hərəkətlərin finalında 27.725 bal toplayaraq ikinci yeri tutub. Bu növdə Qarayevadan yaxşı yalnız olimpiya çempionu Yevgeniya Kanayeva çıxış edib. Bürüncü isə ukraynalı Alina Maksimenko qazanıb. Digər növlərdə Qarayeva iki dəfə fəxri kürsünün bir addımlığında dayanıb (top və lent), eləcə də halqa ilə hərəkətlərdə altıncı olub. Universiadanın ikinci iştirakçısı Anna Qurbanova yalnız bir finala çıxa bilib. Halqa ilə hərəkətlər onu yekun protokolda beşinci yerə çıxarıb, çoxnövçülükdə isə 10-cu olub. Çində keçirilən Universiada ilə paralel olaraq Bolqarıstanda Dünya Kubokunun növbəti mərhələsi keçirilib. Azərbaycanın qrup komandası ən yaxşı nəticə göstərərək hər iki finalda çıxış etmək hüququ əldə edib. Kollektivimiz beş topla altıncı yeri, 2 halqa / 3 lentlə isə yeddinci yeri tutub. Çoxnövçülüyə gəldikdə, qızlar 50.9 bal toplayaraq səkkizinci yeri tutublar.