07 aprel 2008
Çexiyanın Brno şəhərində bədii gimnastika üzrə Qran-prinin üçüncü mərhələsi çoxnövçülüyün ayrı-ayrı növlərinin finalı ilə başa çatmışdır.
Azərbaycan gimnastı Aliyə Qarayeva çoxnövçülükdə qazandığı gümüş medala (72.075 xal) ayrı-ayrı növlərdə daha bir bürünc medal əlavə etmişdir.
Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata əsasən, o, ən yaxşı çıxışı halqa ilə nümayiş etdirmişdir: 18.15 xal toplayaraq üçüncü yerə layiq görülmüşdür. Digər finallarda Qarayeva ip və lentlə beşinci, gürzlərlə isə altıncı olmuşdur.
- Turnirin ikinci günü də mən özümə inamı itirmədim və daha bir mükafatı qazana bildim. Buna görə də, hesab edirəm ki, Qran-pri finalında iki Rusiya gimnastı Olqa Kapranova və Marina Şpextdən sonra halqa ilə layiq görüldüyüm üçüncü yer pis nəticə deyil, - deyə Azərbaycan gimnastı bildirdi.
Ölkənin digər idmançısı Anna Qurbanova da Qran-pri mükafatçısı ola bilərdi. Lakin lentlə hərəkətlərdə onun Kapranovanı qabaqlayaraq bürünc medal qazanması üçün yalnız yarım xalı çatmadı – 4-cü yer (17.325 xal). Digər finallarda, o, aşağıdakı nəticələri göstərmişdir: gürzlərlə beşinci, halqa ilə və çoxnövçülükdə - altıncı və iplə isə - səkkizinci olmuşdur.
Rumıniyada yuniorlar arasında beynəlxalq turnirdə çıxış etmiş gimnast Nigar Əbdüsəlimova ən yaxşı nəticəni halqa ilə hərəkətlərdə göstərmişdir. O, 21.3 xal toplamış və 9-cu yerə layiq görülmüşdür. Topla isə, o, 10-cu olmuşdur – 21.875 xal. Mükafat qazanmış üçlük isə Rusiya, Rumıniya və Ukrayna gimnastlarından ibarət idi.
Qarayeva və Qurbanova üçün növbəti yarışlar 12-13 aprel tarixlərində Sloveniyada keçiriləcək Dünya kuboku olacaq. Həmin müddətdə həmçinin Yunanıstanın Kalamata şəhərində beynəlxalq turnir keçiriləcək və orada Azərbaycanı Zeynəb Cavadlı təmsil edəcək.