03 mart 2008
Azərbaycan gimnastı, 2007-ci ilin Avropa çempionu Aliyə Qarayeva Moskvada keçirilən Qran-pri seriyasının birinci mərhələsində gümüş medala layiq görülmüşdür. Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, o, 18.125 xal toplayaraq, F. Əmirovun “1001 gecə” baletinin sədaları altında halqa ilə finaldakı çıxışına görə ikinci yeri qazanmışdır. Ondan yaxşı çıxış edən, Aliyəni yalnız 0.65 xalla qabaqlayan rusiyalı Olqa Kapranova olmuşdur. Digər növlərlə Aliyə Qarayeva aşağıdakı yerlərə layiq görülmüşdür: o, lentlə (17.25 xal) və çoxnövçülükdə (69.7 xal) 4-cü, iplə (16.95 xal) beşinci və gürzlərlə (16.35 xal) altıncı yeri qazanmışdır. - Mən, bu gümüş mükafata layiq görüldüyümə çox sevinirəm, çünki turnirin birinci günündən sonra çoxnövçülük hesabında yalnız dördüncü yerdə idim. Lakin ikinci gün, mən artıq özümdə mübarizə əhval-ruhiyyəsi yaratdım və bu da onun nəticəsi! Hazırda mənim üçün hər bir yarış əhəmiyyətlidir, ona görə ki, yeni proqramın məşqləri gedir. Proqram çox çətindir. Rusiyanın Azərbaycan Gənclərinin Koordinasiya Şurasından olan azarkeşlərimizə bizi dəstəklədiklərinə görə, xüsusi minnətdarlığımı bildirirəm, deyə Aliyə Qarayeva bildirdi. Qran-pri ilə yanaşı, Moskvada yuniorlar arasında da beynəlxalq turnir keçirilmişdir. Azərbaycan gimnastlarından ən yaxşı nəticə 15 yaşlı Samirə Mustafayeva göstərmişdir: ip (21.15 xal) və topla (22.675 xal) iki dəfə altıncı yer, lentlə isə doqquzuncu yer – 22.7 xal. Nigar Əbdüsəlimova lentlə 11-ci, topla isə 18-ci yerə layiq görülmüşdür. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xatırladır ki, 5-7 mart tarixlərində Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 15-ci açıq Azərbaycan çempionatı keçiriləcək. Aparıcı gimnastlarımızla yanaşı, turnirdə Rusiya, Gürcüstan və Qazaxıstanın gimnastları da iştirak edəcəklər. Yarışlarda ümumilikdə 39 senior və yunior gimnastlar iştirak edəcək. Məlumata görə, Rusiya komandasının gimnastlarına çoxqat dünya və Avropa çempionu Amina Zaripova başçılıq edəcək. Gimnastların çıxışlarını qiymətləndirəcək yerli və yarışda iştirak edəcək arbitrlarla yanaşı, Azərbaycan Gimnastika Federasiyası, həmçinin, xaricdən dörd neytral hakim dəvət etmişdir. Yarışların ilk iki günü çoxnövçülükdə qaliblər məlum olacaq, mart ayının 7-də isə proqramın ayrı-ayrı növləri üzrə çempionlar müəyyənləşəcək. Yarışların sonunda turnirin ən yaxşı gimnastlarının iştirakı ilə parlaq Qala-konsert keçiriləcək.