29 yanvar 2008
Azərbaycan gimnastı Aliyə Qarayeva Los-Ancelesdə keçirilən LA Lights Tournament of Champions çoxnövçülük turnirində 6-cı yerə layiq görülmüşdür.
Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, iplə sonuncu çıxışdan sonra yekun nəticələr 62.125 xal təşkil etmişdir. Yeri gəlmişkən, Qarayeva elə həmin alətlə 16.375 xal toplayaraq, 6-cı yerə layiq görülmüşdür. Onun ən yaxşı çıxışı isə lentin ram edilməsi kompozisiyası oldu – 4-cü yer (15.7 xal).
Yarışın qaliblərinə gəlincə isə, Anna Bessonova dünya çempionu tacınının daşıyıcısı olduğunu təsdiqlədi. Onun ardınca digər çempion, lakin bu dəfə Avropa çempionu rusiyalı Yevgeniya Kanayeva və belarusiyalı Lyubov Çarkaşina gəlirlər.
Bu arada, qrup hərəkətləri üzrə Azərbaycan komandası Bakıda bolqar mütəxəssisi Mariana Vasilevanın başçılıq etdiyi təlim-məşq toplanışlarını başa çatdırmışdır. Avropa çempionatının gümüş və bürünc mükafatçısı Filipa Siderova onun yetirməsidir. 2007-ci ildə Bakıda keçirilən Avropa çempionatında Bolqarıstanın yeniyetmələrdən ibarət qrup komandasının gümüş medala layiq görülməsində, həmcinin, onun əməyi vardır.
Məşqçinin fikrincə, iyun ayında İtaliyada keçiriləcək Avropa çempionatının ərəfəsində toplanışların keçirilməsi əhəmiyyətli və eyni zamanda zəruridir.
- Buna görə də, növbəti məşqlərin fevral-mart aylarında Sofiyada “Levski” klubunda keçirilməsini təklif etmişəm, - deyə M. Vasileva Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə bildirmişdir. Məşqlərin mükəmməl keçirilməsi üçün orada şərait yaradılmışdır və nəyə görə biz bundan istifadə etməməliyik?
Fikrimcə, qrupun əsas heyəti ilə (Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina və Anastasiya Prasolova) Dina Qorina və Leyla Şamilova da məşq edəcəklər.
Onu deyə bilərəm ki, bu yaxşı komandadır, hərəkətlər yenidən nəzərdən keçirilir, onlara yeni elementlər əlavə olunur, bir sözlə, işləyəcəyik və daha da inkişaf edəcəyik.
Xatırladaq ki, Avropa birinciliyində böyüklər və qrupla yanaşı yeniyetmələr də çıxış edəcəklər. Bununla əlaqədar olaraq, yığmanın məşqçiləri Bakıdakı baxış və iki həftəlik təlim-məşq toplanışlarına 9 gimnast dəvət etmişlər. Bunlar Səidə Abdullayeva, Cəmilə Hüseynova və Esmira Orucova (hamı – 1993-cü il təvəllüdlülərdir), Nigar Əbdüsəlimova, Səbinə Abbasova, Ayelita Xələfova, Yevgeniya Jidkova və Nərgiz Əliyeva (hamı – 1994-cü il təvəllüdlülərdir) və Kamilə Məmmədovadır (1995-ci il təvəllüdlü).