İdman

gimnastikadan

başlayır

ALİYƏ QARAYEVA – ÜÇÜNCÜ, AKROBATLAR İSƏ ALTINCI YERƏ LAYİQ GÖRÜLMÜŞLƏR

06 oktyabr 2008

ALİYƏ QARAYEVA – ÜÇÜNCÜ, AKROBATLAR İSƏ ALTINCI YERƏ LAYİQ GÖRÜLMÜŞLƏR

Azərbaycan gimnastı Aliyə Qarayeva İspaniyanın Benidorm şəhərində keçirilən Dünya Kubokunda bürünc medal qazanmışdır.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, Pekin Olimpiya Oyunlarının iştirakçısı üçüncü yerə iplə çıxışına görə layiq görülmüşdür. O, 18.075 xal toplayaraq yalnız Rusiya gimnastları Vera Sesina və Olqa Kapranovaya məğlub olmuşdur.

Digər final yarışlarında isə Aliyə halqa (17.65), gürzlər (17.525) və lentlə (17.175) 6-cı yerlərdə qərarlaşmışdır.

Aralıq dənizi ilə əhatə olunan İspaniyanın bu şəhərindən “Neftçi” İdman-Sağlamlıq Mərkəzini təmsil edən Qarayeva Sakit okeanın adalarında yerləşən Yaponiyaya yollanacaq. 10-12 oktyabr tarixlərində gündoğan ölkənin paytaxtında klublar arasında dünya çempionatı keçiriləcək. “Neftçi” klubunun tərkibinə həmçinin Zeynəb Cavadlı və yunior Samirə Mustafayeva da daxildir.

Bu arada, Atlantikada Britaniya adaları Qlazqo şəhərində akrobatika gimnastikası üzrə yuniorlar arasında Ümumdünya yarışlar başa çatmışdır. Həmin yarışlarda Azərbaycanı Elçin Məmmədov – Emil Yarəhmədovdan ibarət duet təmsil etmişdir.

Balans hərəkətlərini yerinə yetirdikdən sonra akrobatlarımız 15 cütlük arasında 9-cu yerdə (27.1 xal) qərarlaşırdı. Temp hərəkətlərinin icrası onlarda daha da yaxşı alındı (27.5 xal) və iki növ üzrə ümumi nəticəyə əsasən akrobatlar 6-cı yerə layiq görüldü, bu da onlara finalda iştirak etmək imkanı verdi.

Qarışıq hərəkətlərlə final çıxışının ümumi nəticələrinə əsasən, bizim cütlük 27.35 xal toplamış və Ermənistan və Portugaliya akrobatlarını geridə qoyaraq yenidən 6-cı yerə layiq görülmüşdür. Həmin yarışların qalibləri isə Rusiya akrobatları olmuş, ikinci yerə alman, üçüncü yerə Belaruslar layiq görülmüşlər.

Qlazqo bu həftə də dünya akrobatikasının mərkəzi olaraq qalacaq. Oktyabr ayının 10-u orada dünya çempionatı start götürəcək. Həmin çempionatda qadın cütlüyü Ayla Əhmədova – Dilarə Sultanova və Rüstəm Nəcəfquliyev, İlham Abbasov, Elnur Məmmədov və Fərid Məmmədovdan ibarət kişi qrupu iştirak edəcək.