İdman

gimnastikadan

başlayır

Azərbaycan gimnastı - Qazaxıstanda keçirilən turnirin bürünc mükafatçısıdır

23 iyun 2014

Azərbaycan gimnastı - Qazaxıstanda keçirilən turnirin bürünc mükafatçısıdır


Azərbaycanın yeniyetmə gimnastı Ruqiyə Səttarova Astanada Qazaxıstanın tanınmış keçmiş gimnastı Aliyə Yussupova adına mükafat uğrunda keçirilən beynəlxalq turnirdə bürünc medal əldə edib.

 

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin verdiyi məlumata əsasən, 1 həftə öncə Bakıda uğurla başa çatan bədii gimnastika üzrə Avropa Çempionatının ehtiyatda olan gimnastı, Astanada keçirilən turnirdə mütləq birincilikdə 3-cü yerdə qərarlaşıb.

 

Milli komandanın baş məşqçisi Mariana Vasilevanın sözlərinə görə, gənc istedadın gələcək inkişafı üçün böyük potensialı var və bu medal ona gələcək yarışlarda özünə əminlik verəcək. Lakin, növbəti yarışların tarixləri milli komandanın təqvim planında avqust ayının ortalarına, baş məşqçimizin vətənində Dünya Kubokunun növbəti mərhələsinin keçiriləcəyi vaxta təsadüf edir.

 

Lakin, bundan öncə, iyul ayının 1-dən etibarən yığma komanda İzmirdə təşkil olunacaq ilin ən vacib yarışlarından birinə hazırlıq məqsədilə təlim-məşq toplanışlarına başlayacaq. Belə ki, 21-28 sentyabr tarixlərində Türkiyədə - Aralıq hövzəsinin ən qədim və gözəl şəhərində çoxsaylı nümayəndə heyətlərinin iştirakı ilə dünyanın ən güclü gimnastlarının adları sadalanacaq.