İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN GİMNASTI BOSFOR KUBOKUNUN MÜKAFATÇISI OLDU

30 sentyabr 2010

AZƏRBAYCAN GİMNASTI BOSFOR KUBOKUNUN MÜKAFATÇISI OLDU

İstanbulda idman gimnastikası üzrə ənənəvi "Bosfor Kuboku" beynəlxalq turniri keçirilib.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, yarışda 3 Azərbaycan idmançısı çıxış edib.

Ən yaxşı nəticəni at üzərində hərəkətlərin final mərhələsində üçüncü yeri tutan yeniyetmə Elvin Ağadədəyev göstərib. Hakimlərdən 13.75 bal alan gimnastımız yalnız İran və Türkiyə idmançılarından geri qalıb.

Çoxnövçülükdə isə Ağadədəyev 77.1 balla dördüncü yeri tutub. O, özündən irəliyə üç Türkiyə idmançısını buraxıb. Ağadədəyev halqalar və tirlər üzərində hərəkətlərin finalında ən yaxşıların kvartetinə daxil olub.

Yeniyetmələr arasında çıxış edən Ruslan Balakişiyevin halqalar üzərində hərəkətlərdə ən yaxşı göstəricisi yeddinci yer olub. Eyni mövqeni at üzərində hərəkətlərin finalında yeddinci yeri tutan Uğur Xəlilbəyli də tutub.

Bu arada digər Azərbaycan gimnastı Şakir Şıxəliyev Avstriyada keçirilən beynəlxalq turnirdə iştirak edib.

O, şəxsi çoxnövçülükdə 39 iştirakçı arasında 79.4 ballıq ümumi nəticə ilə 18-ci yeri tutub. Bu yarış oktyabrın ortalarında Rotterdamda keçiriləcək dünya çempionatından əvvəl yoxlama xarakteri daşıyıb.