07 iyul 2009
Azərbaycanın dörd idmançısı Rusiyanın Stavropol şəhərində keçirilən tamblinq üzrə beynəlxalq turnirdə iştirak etmişdir.
Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, ən yaxşı nəticəni Bakı Gimnastika Məktəbinin yetirməsi Mixail Malkin göstərmişdir. O, 1995-96-cı il təvəllüdlü gimnastların mübarizəsində bürünc mükafatlara sahib olmuşdur.
Təsnifat yarışlarının nəticələrinə əsasən Malkin 4-cü, finalda isə 3-cü yeri tutmuşdur. Onun hesabına 26.1 xal yazılmışdır.
Azərbaycanlı idmançını yalnız Rusiya təmsilçiləri qabaqlamışlar.
Böyük idmançılara gəlincə isə, onlardan ikisi finala çıxmışdır. Təsnifat mərhələsində 8-ci yer tutan Hafiz Rzayev finalda 5-ci olmuş (34.8 xal), 3-cü və 4-cü yerdən çox da geri qalmamışdır.
Səid Səlimov son nəticədə 9-cu yerdən 7-ci yerə qalxmış (31.5), Rahib Əliyev isə 12-ci olmuşdur (31.5).
Yarışlarda iştiraka qədər dördlük Stavropolda təlim-məşq toplanışlarında olmuşdur. İlin əsas startı payızda Sankt-Peterburqda planlaşdırılan dünya çempionatı olacaq.