24 sentyabr 2012
Olimpiya çempionu Fərid Mansurov bazar ertəsi gimnastika üzrə Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.
Trend-in məlumatına görə, görüş Azərbaycan Gimnastika Federasiyasının zalında baş tutub. 2004-cü il Afina Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə qalib olan Fərid Mansurov xanım gimnastlara uğurlar arzulayıb. O bildirib ki, gimnastika çox zərif və gözəl idman növüdür.
Sonra xanım gimnastlar çempion güləşçimizə çoxsaylı suallar ünvanlayıblar. Mansurov idmana gəlişi barədə ətraflı məlumat verib. "Hər kəs idmana sağlamlıq üçün gəlir, lakin professional idmana qədəm basan andan Olimpiya çempionu olmağı qarşısına hədəf qoyur", - Mansurov deyib.
Olimpiya çempionu həmçinin gimnastlara öz tövsiyələrini verib. Mansurov qeyd edib ki, istənilən idman növündə düzgün qidalanma və normal yuxu əsas şərtlərdən biri. "Güləşçilər üçün artıq çəki yolverilməzdir və gimnastlar üçün də bunun nə qədər vacib olduğunu bilirəm. Biz idmançılar doymaq üçün deyil, acından ölməmək üçün yemək yeməliyik", - o qeyd edib.
Fərid Mansurov hər bir gimnast xanımımıza Olimpiya çempionu olmaq hislərini yaşamağı arzulayıb.
Görüşün sonunda Olimpiya çempionu yığmanın üzvləri ilə xatirə şəkli çəkdirib.
Görüşdə həmçinin Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov, milli komandanın baş məşqçisi Mariana Vasilyeva da iştirak ediblər.
Qeyd edək ki, görüşdə Milli Olimpiya Komitəsi Aparatının rəhbəri Həsənağa Rzayev də iştirak edib.