10 dekabr 2007
Omskda (Rusiya) başa çatmış bədii gimnastika üzrə beynəlxalq turnirdə Azərbaycan gimnastı Anna Qurbanova iki bürünc medal qazandı.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, Anna Qurbanova birinci bürünc medalı iplə hərəkətlərin finalındakı çıxışına görə qazanmışdır – 17.925 xal. Finalda halqa ilə kompozisiyanı yerinə yetirəndən sonra da gimnastımız üçüncü yeri tutmuşdur (17.7). Çoxnövçülükdə şəxsi hesabda isə Qurbanova beşinci yerlə kifayətlənməli olmuşdur (67.2). Birinci yeri Yevgeniya Kanayeva, ikinci Aleksandra Yermakova, üçüncü isə Yana Seledçik (hamısı Rusiya) qazanıblar.
- Dalbadal ikinci dəfə beynəlxalq yarışlarda uğur qazandığıma görə sevinirəm. Mən bu dəfə də Avropa çempionu Yevgeniya Kanayeva kimi güclü gimnastlarla layiqincə rəqabət apara bildim. Ümidvaram ki, “medallı” çıxışlarımı gələn il də davam etdirəcəyəm, - deyə Qurbanova bildirib.
Federasiyanın mətbuat xidməti onu da qeyd edir ki, bu il Rusiyada daha bir beynəlxalq turnir keçiriləcəkdir. Dekabrın 18-dən 23-dək Moskva ətrafındakı Dmitrov şəhərində keçiriləcək turnirdə ölkəmizi Kamilə Məmmədova (1995-ci il təvəllüdlü), Aişə Mustafayeva (1996), Cənnət Məmmədova və Mehparə Mansurova (hər ikisi 1999-cu il) təmsil edəcəklər.