İdman

gimnastikadan

başlayır

YENİYETMƏLƏRDƏN İBARƏT QRUPUNUN NÖVBƏTİ GÜMÜŞÜ VƏ QARAYEVADAN İKİ BÜRÜNC MEDAL

28 mart 2011

YENİYETMƏLƏRDƏN İBARƏT QRUPUNUN NÖVBƏTİ GÜMÜŞÜ VƏ QARAYEVADAN İKİ BÜRÜNC MEDAL

Ötən həftənin sonunda Pesaroda (İtaliya) keçirilən Dünya Kubokunun növbəti mərhələsində Azərbaycan gimnastları bir gümüş və iki bürünc medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat verir ki, milli komandanın lideri Aliyə Qarayeva inamı doğruldub. O, iki dəfə fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Qarayeva finalda halqa və topla hərəkətlərdə rusiyalı Yevgeniya Kanayeva və Belarus idmançısı Lyubov Çerkaşina ilə rəqabət apararaq, müvafiq olaraq 27.3 və 27.65 bal toplayıb. Digər Azərbaycan gimnastı Anna Qurbanova 43 iştirakçı arasında çoxnövçülükdə 18-ci olub.

Azərbaycanı Apennin adalarında Lalə Yusifova, Mənsurə Baqiyeva, Ayşə Mustafayeva, Siyana Vasileva, Aynur Cabbarlı və Səbinə Qaratovadan ibarət yeniyetmələrin qrup komandası da təmsil edib.

"İlkin təsnifatdan sonra qızlar üçüncü yer uğrunda mübarizə aparıblar. Finalda isə yüksək 25 bal toplayan kollektiv Rusiyadan sonra ikinci yeri tutub və İsraili qabaqlayıb", - ölkə yığmasının baş məşqçisi Mariana Vasileva deyib.

Böyüklərdən ibarət qrup komandasına gəldikdə, ən yaxşı nəticə 8-ci yer 5 topla final hərəkətlərində qeydə alınıb. Beynəlxalq turnirdə 13 yaşlı Gülsüm Şəfizadə və Ləman Dadaşlı 31 iştirakçı arasında müvafiq olaraq 11-ci və 19-cu olublar.

Bu həftənin sonunda, aprelin 2-3-də Gülsüm Şəfizadə, eləcə də digər yeniyetmə Ləman Hacızadə (1999-cu il təvəllüdlü) və Zeynəb Cavadlı Polşada keçiriləcək beynəlxalq turnirdə çıxış edəcəklər.