İdman

gimnastikadan

başlayır

Batutçularımızdan növbəti medal sevinci

19 avqust 2017

Batutçularımızdan növbəti medal sevinci

Azərbaycanın batut gimnastikası üzrə yığma komandasının üzvləri növbəti beynəlxalq turnirdə iştirak ediblər.

“Açıq Slavyan Oyunları”ına  ev sahibliyi edən Minsk şəhərində bu gün Dünya Kuboku mərhələsi də başa çatıb. Ardıcıl olaraq iki yarışda çıxış etməyin həyəcanı və yorğunluğu gimnastlarımızın uğurlu çıxış etməsinə heç də mane olmayıb. Belə ki, ölkəmizi təmsil edən qadın cütlüyümüz Svetlana Makştaryova və Veronika Zemlyanaya sinxron proqramlarını dəqiqliklə yerinə yetirərək, hakimlərdən yüksək xal almağı bacarıblar. Qızlarımız yalnız Belarus komandasından geri qalaraq, fəxri kürsünün ikinci pilləsində dayanıblar. Fərdi proqramda isə xanım gimnastlarımız final mərhələsinə adlaya bilməyib.

Sinxron proqramda çıxış edən növbəti təmsilçilərimiz Oleq Piunov və İlya Qrişunindən ibarət kişi cütlüyümüz olub. Batutçularımız final mərhələsinə adlamağı bacarsalarda, yekun mərhələdə öz hərəkətlərində səhvə yol verdikləri üçün, 4-cü yerlə kifayətlənməli olublar. Fərdi hərəkətlərdə isə İlya və Oleq ilə yanaşı millimizin digər üzvü Ruslan Ağamirov da öz gücünü sınayıb. İdmançılarımızdan yalnız İlya final mərhələsində çıxış edərək, 7-ci yerdə qərar tutub. Oleq və Ruslan isə müvafiq olaraq 13-cü və 22-ci sırada yer alıblar.