07 may 2018
Bədii gimnastika üzrə millimizin üzvləri ötən həftə (4-6 may) İspaniyanın Quadalaxara şəhərində baş tutmuş “Challenge” seriyasına aid Dünya Kubokunda çıxış ediblər.
Ayşən Bayramova, Siyana Vasileva, Zeynəb Hümmətova, Diana Doman və Aliyə Paşayevadan ibarət qrup hərəkətləri komandamızın final mərhələsində 3 top – 2 iplə çıxışları onlara turnirin bürünc medalını qazandırıb. 17 komanda arasında gedən mübarizədə qızlarımızın çıxışlarının hakimlər tərəfindən 17.350 xalla dəyərləndirilməsi, onları yalnız Bolqarıstan və İtaliya komandalarından geri salıb.
Dünya Kuboku ilə paralel Fransanın Korbeyl-Esson şəhərində keçirilən beynəlxalq turnirdə isə ölkəmizi yeniyetmə bədii gimnastlarımız Darya Sorokina, Arzu Cəlilova və Yelizaveta Luzan təmsil ediblər. Gimnastlarımız arasında ən yaxşı nəticəni Arzu göstərib. O, gürzlər və lent ilə çıxışlarına görə medalın bir addımlığında – 4-cü yerdə qərarlaşıb.