İdman

gimnastikadan

başlayır

ARRİQATO MİE, GÖRÜŞƏNƏDƏK, MOSKVA!

18 sentyabr 2009

ARRİQATO MİE, GÖRÜŞƏNƏDƏK, MOSKVA!

Əsrarəngiz İse şəhərində (Mie prefekturası, Yaponiya) bir həftə davam edən bədii gimnastika üzər 29-cu dünya çempionatı başa çatmışdır. Beynəlxalq federasiyadan yüksək qiymət alan birincilik təşkilatçıları, sona yaxın o qədər həyəcanlı idilər ki, demək olar ki, bütün iştirakçılara oriqami və mirvari muncuq bağışladılar. Bu yerlərdə mirvari əsl mirvaridir. Keçən əsrin ortalarında Kokiçi Mikimoto burada mirvarinin əldə edilməsi və istehsalı üzrə imperiya qurmuşdur ki, bu gün o, prefekturanın qürurudur.

Doğan günəş ölkəsindən olan təşkilatçılar son dəstləri qrup komandaları arasında ayrı-ayrı finallarda qalib gələn idmançılar üçün nəzərdə tutmuşdular. Onların arasında bir gün əvvəl çoxnövçülük üzrə tarixi dördüncü yeri tutmuş Azərbaycan idmançıları da var idi. İlk dəfə hər iki növdə finala çıxan ölkənin qrup komandası layiqli şəkildə çıxış etmişdir: 3 lent / 2 iplə qızlar 6-cı, 5 halqa ilə 7-ci yeri tutmuşlar. Yığma komandanın baş məşqçisi Mariana Vasilevanın fikirləri:

“Hər 6 gimnast: Vəfa Hüseynova, Valeriya Yeqay, Dina Qorina, Anastasiya Prasolova, eləcə də debütantlar Ceyla Quliyeva və Stefani Trayanova ayrı-ayrılıqda və kollektiv şəkildə hər cür tərifə layiqdirlər. Biz həqiqətən proqramın bir növündə bürünc mükafatçı ola bildik, amma... Amma biz işləməyə davam etməliyik, və biz kiçik istirahətdən sonra davam edəcəyik. Biz bu nəticələr üzərində dayanmayacağıq, çünki bundan sonra hamı – hakimlər, tamaşaçılar, rəqiblər – bizə başqa gözlə baxacaq. Heyətdə dəyişikliklər mümkündürmü? Hələlik təkcə onu bilirəm ki, hər iki hərəkət üçün musiqini dəyişəcəm. Biz zamanla yanaşı addımlamalıyıq, ona görə də Almaniyada 2010-cu il Avropa çempionatında kollektiv yeni kompozisiyalarla çıxış edəcək”.

Fərdi gimnastların çıxışı barədə danışarkən, milli komandanın baş məşqçisi komanda hesabında “bürünc” nəticənin təkrar olunması və xüsusilə Aliyə Qarayevanın uğurunu qeyd etmişdir. “Azərbaycana dünya çempionatlarında ilk “gümüş”ü gətirən Aliyənin topu, hələ uzun müddət həmin finalın iştirakçısı olan gimnastların yuxusuna girəcək. Bu medal çox gərgin və, inanın mənə, çox əsəbi mübarizə nəticəsində əldə edilmişdir”.

Çempionatın ümumi yekunlarına gəlincə isə, yarışın sözsüz qalibi bədii gimnastikanın 19 yaşlı kraliçası Yevgeniya Kanayeva olmuşdur. O, mümkün 6 qızıl mükafatın hamısını qazanmış, və bununla da öz həmyerlisi Oksana Kostinanın 1992-ci ildə əldə etdiyi 5-qat çempion rekordunu təzələmişdir.

Bununla bağlı Rusiyanın məşhur “Exo planetı” jurnalında çap olunan fotosessiya üçün yazılmış abzası qeyd etmək olar: “Mütəxəssislər qeyd edirlər ki, bədii gimnastikada yeni era – Yevgeniya Kanayeva erası başlamışdır. Hər cür əlamətlərə, işarələrə inananlar isə, onunla bədii gimnastikanın daha bir kraliçası Alina Kabayevanın soyadında bir hərf fərqinin olmasını göstərirlər”.

Hər necə olsa da, Kanayeva və komandası öz adlarını Moskvada keçiriləcək növbəti mundialda qorumağa çalışacaqlar. Yarışın təqdimatını Yaponiyada “Rusiya olimpiyaçılarını dəstək Fondu”nun icraçı direkoru Aleksandr Katuşev həyata keçirmiş və qeyd etmişdir ki, Moskva əldə edilən mövqeləri burxamaq fikrində deyil.