12 avqust 2018
Böyük Britaniyanın Qlazqo şəhəri bu günlərdə idman gimnastikası üzrə Avropa Çempionatına ev sahibliyi edirdi.
Ötən həftə qadın idman gimnastlarını yola salan SSE Hydro arenası bu həftə öz qapılarını məhz kişi idman gimnastlarının üzünə açdı. Avropanın 37 ölkəsindən 151 böyük, 158 gənc kişi gimnastının qatıldığı mötəbər turnirdə Azərbaycan gimnastları da iştirak ediblər.
Ölkəmiz böyüklər proqramında Murad Ağarzayev, Dariy Morozov, İvan Tixonov, Nikita Simonov, gənclər proqramında isə Ağamurad Qəhrəmanov, Səməd Məmmədli, Cavidan Babayev, Ramin Dəmirov və Rüstəm Əhmədin timsalında təmsil olunub.
Gimnastlarımız arasında ən yaxşı nəticəni gənclər arasında mübarizə aparan Cavidan göstərərək, halqalarda çıxışı ilə final mərhələsinə adlamağı bacarıb. Bununla da ölkəmiz ilk dəfə olaraq, qitə birinciliyinin gənclər arasında final mərhələsində təmsil olunub. İdmançımızın əsas mərhələdəki çıxışı ilə turniri 7-ci yerdə başa vurub.
Qeyd edək ki, format olaraq böyük və gənc idman gimnastlarının bir arada mübarizə apardığı Avropa Çempionatı hər iki ildən bir keçirilir. Ötən çempionatda (Bern İsveçrə, 2016-cı il) ölkəmiz ilk dəfə həm böyüklər, həm də gənclər proqramında komanda yarışlarında iştirak etmiş, müvafiq olaraq 19-cu və 22-ci yerlərdə (33 ölkə arasında) qərarlaşmışlar. Bu il isə məhz gənclərdən ibarət komandamız nəticələrini xeyli yüksəldərək, sıralamada 12-ci pillədə qərarlaşıblar.
Xatırladaq ki, böyük və gənc kişi idman gimnastlarının növbəti Avropa Çempionatına 2020-ci ildə paytaxtımız ev sahibliyi edəcək.