İdman

gimnastikadan

başlayır

İdman gimnastikası üzrə Avropa çempionatları dekabrda Bakıda keçiriləcək

04 iyun 2020

İdman gimnastikası üzrə Avropa çempionatları dekabrda Bakıda keçiriləcək

Avropa Gimnastikasının mətbuat xidmətindən verilən məlumata əsasən təşkilatın İcra Komitəsi təxirə salınmış Avropa çempionatlarının təşkili üçün yeni tarixlər təklif edib. Belə bir qərar Yerli Təşkilat Komitələri ilə müzakirələr və COVID-19 pandemiyası ilə əlaqədar olaraq Avropadakı vəziyyət nəzərdən keçirildikdən sonra qəbul edilib.

Beləliklə, kişi idman gimnastikası üzrə Avropa çempionatı 9-13 dekabr, qadın idman gimnastikası üzrə qitə birinciliyi isə 17-20 dekabr tarixlərində paytaxtımızda baş tutacaq. Yarışların formatı planlaşdırıldığı kimi qalacaq və Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaqdır.

Çempionatların yeni tarixləri ilə bağlı Avropa Gimnastikasının Prezidenti Fərid Qayıbov qeyd edib ki, bu qərarlar milli federasiyalardan verilən məlumatlar və Avropadakı hazırkı vəziyyətlə əlaqədar qəbul edilib. “Hazırda biz yarışların bu ilin payız aylarında təşkil edilə biləcəyini düşünürük. Lakin, Avropa Gimnastikası qarşıdakı aylarda da vəziyyətin təhlilini davam etdirəcək. Əgər vəziyyət sonrakı mərhələdə artıq kifayət qədər təhlükəsiz hesab olunmazsa, biz müvafiq addımı atacağıq. Gimnastlar, məşqçilər, tamaşaçıların sağlamlığı bizim əsas qayğımız olaraq qalır.”

Xatırladaq ki, kişi idman gimnastikası üzrə qitə birinciliyi 27-31 may tarixlərində Bakıda, qadın idman gimnastikası üzrə Avropa çempionatı isə 30 aprel-3 may tarixlərində Fransa paytaxtı Parisdə baş tutmalı idi. Lakin, COVID-19 pandemiyası ilə əlaqədar olaraq bu yarışlar təxirə salınmışdı.