20 may 2023
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatı həyəcanı davam edir.
Yarışın 4-cü günündə fərdi proqramda çoxnövçülük üzrə finallar keçirilib, qrup hərəkətləri komandaları təsnifat proqramında mübarizə apararaq öz aralarında çoxnövçülük üzrə qalibi müəyyənləşdiriblər. Yarışda həmçinin komanda hesabında qaliblər məlum olub.
Bu gün qrup komandamızın üzvləri gimnastikasevərlərə daha bir medal sevinci bəxş ediblər.
Xalça üzərində öz heyrətamiz çıxışlarını nümayiş etdirən Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova,Yelizaveta Luzan, Darya Sorokinadan ibarət komandamız əvvəlcə üç lent və iki topla kompozisiyalarını icra edərək komandalar arasında ən yüksək xal (32.500 xal) qazanıblar.
Beş halqa ilə hərəkətlərin icrasında isə idmançılarımız hakimlər tərəfindən 32,900 xal əldə ediblər. İki kompozisiyaya görə ümumilikdə 65.400 xal toplayan qrupumuz bürünc mükafata layiq görülüblər. Komandamızın üzvləri həmçinin hər iki proqramda finala vəsiqə qazanıb.
Fərdi gimnastımız Zöhrə Ağamirova 4 alətlə proqramını təqdim edib. İdmançımız lent (29.500 xal), halqa (29.650 xal), top (31.300 xal) və gürzlərlə (31.650 xal) ümumilikdə 122.400 xal toplayaraq çoxnövçülükdə yeddinci pillədə qərarlaşıb.
Qitə çempionatı çərçivəsində “Shooting Star” mükafatı təqdim olunub. Avropa çempionatında xalların hesablanmasını yerinə yetirən “SmartScoring” şirkəti tərəfindən xüsusi hazırlanan mükafata macarıstanlı gimnast Fanni Piqniçki layiq görülüb. Qeyd edək ki, “SmartScoring” şirkəti karyerasında müxtəlif xüsusiyyətlərə görə fərqlənən gimnastları ənənəyə uyğun olaraq təltif edir.
Bununla da Azərbaycan idmançılarının qitə çempionatında qazandıqları medalların sayı 3-ə çatıb.
Xatırladaq ki, yarışın ilk günü gənclərdən ibarət qrup komandamızın iki bürünc medalı ilə yadda qalmışdı.