İdman

gimnastikadan

başlayır

Avropa çempionatında rekord sayda qızıl medal

23 oktyabr 2023

Avropa çempionatında rekord sayda qızıl medal

Oktyabrın 18-dən 22-dək Bolqarıstanın Varna şəhərində akrobatika gimnastikası üzrə 31-ci Avropa çempionatı keçirildi. 21 ölkədən 105 böyükyaşlı və 144 gənc gimnastın iştirak etdiyi budəfəki qitə çempionatı Azərbaycan üçün yüksək nəticə və rekord sayda qızıl medalla yadda qaldı. Yarışda ölkəmizi təmsil edən yığma komandamızın üzvləri, sözün əsl mənasında Avropanı fəth etməyi bacardılar. Akrobatika gimnastikası üzrə təmsilçilərimiz Avropa çempionatında 7 qızıl, 2 gümüş medala sahib çıxdılar.
Yarışda ölkəmizi böyüklər arasında Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Nəzrin Fərmanova, Aynur Yusufova, Lalə Hüseynovadan ibarət qadın qrupu, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü, gənclər arasında isə Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiridən ibarət qadın qrupu təmsil etdi.
Varna xalçasında parlaq çıxışları ilə göz qamaşdıran təcrübəli idmançılarımız, dünya və Avropa çempionatının gümüş mükafatçıları olan Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz komandamızın aktivinə Avropa çempionatının 3 qızıl medalını (temp - 28.910 xal, balans -29.180 və çoxnövçülük-86.620 xal) yazdırmağı bacardılar.  
Qarışıq cütlüyümüz qızıl medala gedən yolda hər üç proqramın icrasında müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşan Ukrayna və Almaniya təmsilçilərini geridə qoydular.
Dünya çempionatının ikiqat bürünc mükafatçıları, gənclər arasında Avropa çempionları olan Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz Varnada komanda yoldaşlarının  uğurunu təkrarlayaraq, üç dəfə fəxri kürsünün birinci pilləsinə yüksəlməyi bacardılar. Təmsilçilərimiz temp (27.510 xal), balans (28.230 xal) və çoxnövçülük (82.370 xal) proqramında bütün rəqiblərindən üstün oldular.
Kişi cütlüyümüz balans hərəkətlərində ikinci yerin sahibi İspaniya və bürünc medalçılar olan Böyük Britaniya təmsilçilərini, templə hərəkətlərin icrasında və çoxnövçülük proqramında isə ispaniyalı və portuqaliyalı rəqiblərini geridə qoydular.   Bu nəticə ilə gimnastlarımız Azərbaycan gimnastika tarixində ilk dəfə qarışıq cütlük və kişi cütlüyü kateqoriyasında böyüklər arasında Avropa çempionu titulunu qazanmağa nail oldular.
Gənc idmançılarımız da Varnada məharətli və özünəinamlı çıxışları ilə öz sözlərini deməyi bacardılar.  Gənclər arasında çıxış edən Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiri onlara bəslənilən ümidləri doğruldaraq, 1 qızıl, 2 gümüş medala sahib çıxdılar. Temp hərəkətlərində (27.440 xal) komandamıza ilk medalı, ikinciliyi qazandıran gimnastlarımız daha sonra bu uğuru çoxnövçülük proqramında (83.690 xal) təkararladılar. Balans hərəkətlərində gimnastlarımız 28.450 xalla Böyük Britaniya və Hollandiya təmsilçilərini geridə qoyaraq hamıdan üstün olmağı bacardılar.  
Yeni heyətlə qitə çempionatına qatılan böyüklərdən ibarət qadın qrupumuz təəssüf ki, medal qazanmağa müvəffəq olmadı. Təmsilçilərimiz təsnifat mərhələsində balans hərəkətlərinin icrasında 25.360 xalla 10-cu, temp hərəkətləri (24.670 xal) və çoxnövçülükdə (72.370 xal) isə 11-ci nəticəni göstərdi.