18 iyun 2022
İsrailin Tel-Əviv şəhərində bədii gimnastika üzrə Avropa çempionatı davam edir. Qeyd edək ki, iyunun 18-də fərdi və qrup hərəkətləri proqramında çoxnövçülük üzrə yarışlar keçirilib. İdmançıların gərgin mübarizəsi və güclü rəqabəti ilə fərqlənən qitə çempionatı komandamızın daha bir medalı ilə yadda qalıb. Belə ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə yığma komandamız çoxnövçülük yarışlarında (65.400 xal) bürünc medal qazanıb.
Komandamız həmçinin ayrı-ayrı alətlər (5 halqa, 3 lent və 2 top) üzrə sabah keçiriləcək final mərhələlərinə vəsiqə əldə edib.
Fərdi proqramda keçirilən çoxnövçülük yarışlarında yığma komandamızın üzvləri Zöhrə Ağamirova 125.450 xalla 9-cu, Arzu Cəlilova isə 125.350 xalla 10-cu pillədə qərarlaşıb. Qrup hərəkətləri komandalarının və fərdi gimnastların çıxışlarının yekun nəticəsinə əsasən, Azərbaycan yığması komanda hesabında 307.100 xalla 4-cü olub.
Xatırladaq ki, iyunun 17-də keçirilən qitə çempionatının açılış mərasimində Avropa Gimnastika Federasiyasının Prezidenti Fərid Qayıbov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb. Bədii gimnastika üzrə yığma komandamızın məşqçisi, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Atletlər Komissiyasının üzvü Siyana Vasileva məşqçilər adından and içib.
Sabah fərdi və qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər üzrə qaliblər müəyyənləşəcək.