İdman
gimnastikadan
başlayır
22 aprel 2026
30 aprel – 3 may tarixlərində Bakı yenidən bədii gimnastika üzrə möhtəşəm yarışlarından biri – Avropa kubokuna ev sahibliyi edəcək. Bu nüfuzlu turnir həm fərdi, həm də qrup hərəkətləri proqramlarında qitənin ən güclü gimnastlarını bir araya gətirərək tamaşaçılara unudulmaz idman bayramı yaşadacaq.
Avropa kubokunu digər yarışlardan fərqləndirən əsas cəhətlərdən biri çarpaz qarşılaşma formatıdır. Bu sistem rəqabəti gərginləşdirir və qaliblərin müəyyənləşməsini daha da həyəcanlı edir.
Bu il yarış xüsusilə güclü iştirakçı heyəti ilə diqqət çəkir. Avropada çoxnövçülük üzrə hazırkı çempion Taisiia Onofriichuk turnirin əsas favoritlərindən biri sayılır. Ona ciddi rəqib kimi Olimpiadanın bürünc mükafatçısı və 2025-ci ildə Bakıda keçirilən Avropa kubokunun qalibi Sofia Raffaeli çıxış edəcək.
İtaliya milli komandasının digər üzvü Tara Draqas da medal uğrunda mübarizədə sözünü deməyə hazırdır. Bundan əlavə, Vera Tuqolukova, Kseniya Jijiç, Daniela Munits, Andreya Verdes, Amalia Lisa, Fanni Piqniçki və Hatice Gökçe Emir kimi tanınmış gimnastların iştirakı rəqabəti daha da alovlandıracaq.
Azərbaycan milli komandası da doğma divarlar arasında həm fərdi, həm də yeni formalaşmış qrup hərəkətləri komandasından ibarət proqramlarda ölkəmizi təmsil edəcəklər.
Hər birinizi bu möhtəşəm idman tədbirini izləməyə dəvət edirik!