İdman

gimnastikadan

başlayır

Avropada gimnastlarımızın şərəfinə Azərbaycan himni iki dəfə səslənib

07 aprel 2024

Avropada gimnastlarımızın şərəfinə Azərbaycan himni iki dəfə səslənib

3-7 aprel tarixlərində Portuqaliyanın Qimarayeş şəhərində batut gimnastikası, ikili-mini batut və tamblinq üzrə Avropa çempionatı keçirilib.

Yarışda millimizin üzvləri Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov komanda hesabında qızıl medala sahib olublar.

Bu Avropa çempionatında tamblinq üzrə komanda hesabında gimnastlarımızın qazandığı ilk qızıl medal olaraq tarixə düşüb.

Xatırladaq ki, gimnastlarımız ötən ilin Dünya çempionatında da komanda hesabında qızıl medala layiq görülmüşdülər.

Millimizin digər üzvləri Ayan Şabanova və Samirə Hüseynova isə batut gimnastikası üzrə gənclər arasında sinxron proqramda çıxış edərək gümüş medal qazanıblar.

Qeyd edək ki, bu gimnastlarımızın Avropa Çempionatında batut gimnastikası üzrə gənclər arasında qadınların yarışlarında sinxron proqramda qazandıqları ilk medaldır.

Gənclər arasında sinxron proqramda çıxış edən Əli Niftəliyev və Ammar Baxşaliyev də fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Belə ki, gimnastlarımız batut gimnastikası üzrə qızıl medala sahib çıxıblar.

Yarışda fərdi çıxışda iştirak edən gimnastımız Tofiq Əliyev yüksək nəticə göstərərək gümüş medal qazanıb.

2023-cü ilin ən yaxşı gimnastı və ən yaxşı məşqçisi nominasiyasında müvafiq olaraq gimnastımız Mixail Malkin və onun məşqçisi Adil Hüseyn-zadəyə mükafatlar təqdim edilib.

Məlumat üçün bildirək ki, yarışda böyüklər üzrə fərdi çıxışda Selcan Mahsudova və Mixail Malkin, gənclər üzrə fərdi çıxışda isə Aleksey Karataşov da finalda iştirak ediblər.

Qeyd edək ki, idmançımız Mixail Malkin 2018-ci ildə Avropa çempionu, 2023-cü ildə isə Dünya çempionu olub, Selcan Mahsudova isə bu yaxınlarda Dünya kuboku mərhələlərində topladığı xallara əsasən Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.